Aydın Mirzəzadə popkorn satan uşağa sahib çıxdı - HƏMKARINA DƏRS KEÇDİ

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun səbəb olduğu biabırçılığa münasibət bildirib.

Bakupost.az-ın məlumatına görə, deputat məsələləylə bağlı özünün feysbuk səhifəsində qeyd paylaşıb.
A.Mirzəzadə yazıb ki, "Azneft" meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi onu çox təsirləndirib: "O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi".

Deputat qeydini belə bitirib: "Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı".