“Azərbaycanda deputatların sayı 200 nəfərə qədər artırıla bilər”

Milli Məclisə seçilən deputatların sayının artırılması məsələsi əvvəllər bir neçə dəfə qaldırılsa da, reallaşmayıb. Amma bu məsələ heç vaxt gündəmdən düşmür. Ona görə ki, əhali və seçici sayı Azərbaycanla müqayisədə xeyli az olan ölkələrin bir çoxunda parlamentarların sayı ölkəmizlə müqayisədə çoxdur. 125 nəfərlik parlamentin formalaşdırılmasına Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə, əhalinin sayı 7 milyondan az olduğu dövrdə qərar verilib. Bununla bağlı Konstitusiyanın 5-ci fəslinin Qanunvericilik hakimiyyəti bölməsindəki 82-ci maddədə qeyd olunub ki, Milli Məclis 125 deputatdan ibarətdir.

Hazırda ölkə əhalisinin sayı 9 milyondan çoxdur. Məhz bu fakta əsaslanaraq iddia edilir ki, ölkədə seçicilərin 2 milyonluq artımı deputatların sayını dəyişdirməyi diktə edir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail AğamalıModern.azsaytına bildirib ki, Azərbaycanda deputatların sayı artırılmalıdır. Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayı bunu birmənalı şəkildə ortalığa qoyur:


"Müxtəlif rəqəmlər ola bilər. Hər halda, 125 deputat azdır. Bu rəqəm 200-ə qədər qaldırıla bilər. Bizim üçün optimal variant 170-200 arasıdır. Bu civarda deputat olsa, kifayət edər”.

Deputat hesab edir ki, ölkə əhalisinin sayı, eyni zamanda ölkənin inkişafı, qarşıya qoyduğu hədəflər - bütün bunların hamısı deputatların sayının artırılmasını aktuallaşdırır, zəruri edir:


"İslahatlar əgər bütün sahələrdə - icra strukturlarında, məhkəmələrdə gedirsə, Milli Məclisdə, qanunverici orqanda da getməlidir. Deputatların sayının hədsiz artırılmasının da tərəfdarı deyiləm. Mənə elə gəlir ki, deputatların sayının 175-200-ə qədər artırılması kifayət edər”.


Fəzail Ağamalı Konstitusiyaya bununla bağlı dəyişiklik edilərkən parlament seçkilərinin qarışıq sistemlə keçirilməsinə qayıdılmasını da vacib sayır:


"Həm proporsional, həm də majoritar seçki sistemi ilə seçkiyə qatılsaq, əhəmiyyətli olardı. Bu, partiyaların siyasi proseslərdə yerini və rolunu artıra bilər, onların güclənməsini də stimullaşdırardı. Başqa tərəfdən, majoritar seçki sisteminin də özünəməxsus üstünlükləri var, canlı təmas, insanlarla birbaşa görüş, insanların fərdlərə etimadının göstərilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda elə insanlar var ki, onlar bu və ya digər siyasi partiyada təmsil olunmurlar. Proporsional seçki sistemində həmin şəxslərin hər hansı bir partiyanın siyahısına düşməsi ehtimalı azdır.

Digər tərəfdən, partiya üzvlərinin ambisiyaları seçki prosesində özünü göstərdiyinə görə buna yanaşma da bir qədər çətin olur.

Düşünürəm ki, qarışıq seçki sisteminin də tətbiqi əhəmiyyətli olardı. Bu məsələ növbəti parlament seçkilərinə qədər daha da aktuallaşacaq, ciddi sosial sifarişə çevriləcək. 2020-ci ilə qədər biz Konstitusiyaya dəyişiklik də edə bilərik”.