BÖYÜK AZƏRBAYCANLI

Xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycanın-ulu tarixə malik bir məmləkətin səmasında daima parıldayan zaman keçdikcə daha da şəfəqlənən dan ulduzuna bənzətmək olar. Böyük bir həqiqəti-50 milyonluq Azərbaycan xalqı şərəf hissi ilə dərk edir ki, zamanın təkəri bizdən uzaqlaşdıqca Heydər Əliyev ucalığı, Heydər Əliyev böyüklüyü daha aydın görünür. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimaisiyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında bu ana kimi çox yazılıb, bundan sonra da yazılacaqdır. Bu əqidədəyəm ki, böyük Heydər Əliyev şəxsiyyəti haqqında daha tutarlı, daha dəyərli, bu dahi insanın Azərbaycanın xoşbəxt gələcəyi uğrunda göstərdiyi titanik fəaliyyətini bütün çalarları ilə göstərə biləcək, deyiləcək sözlər hələ qabaqdadır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev ulu öndərimizin Azərbaycan tarixindəki müstəsna rolunu qiymətləndirərək deyib: "Heydər Əliyev bu millətin inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu gələcəyimizin təməlini qoyan alternativsiz lider, millət atasıdır. Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin şah əsəridir”. Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən idi. Öz zamanında, əqidə və fəaliyyəti ilə belə ad-san qazananlar, həyatlarını xalq, Vətən yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar… Dünyanın ən qədim xalqlarından biri olan xalqımız bəşəriyyətə çox böyük dühalar, dahilər, elm, poeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan torpağı çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər yetirmişdir. Lakin 4 min ildən artıq yaşı olan dövlətçilik tariximiz dahi şəxsiyyətlərin adlarını qoruyub-saxlamış, nəsildən-nəslə, əsrdən-əsrə keçirmiş, onlara əbədiyyət heykəli ucaltmışdır. Belə şəxsiyyətlərə Manna dövlətinin başçısı İranzunu, Atropatena dövlətinin yaradıcısı Atropatı, Albaniya hökmdarı Cavanşiri, öz bacarığı, kamalı ilə müstəqil, güclü Azərbaycan Atabəylər dövlətini yaratmış Şəmsəddin Eldəgizi, ilk milli Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayıl Xətaini, XX əsrin əvvəllərində sovet hakimiyyətinin ilk çağlarında Azərbaycana rəhbərlik etmiş doktor Nəriman Nərimanovu və başqalarını misal göstərmək olar. Onlar xalqın milli dəyərlərini, dilini, dinini, mənəvi dünyasını qoruyub saxlamış, onu daha da inkişaf etdirmiş, bununla da xalq rəhbəri olmuşlar. Mübaliğəsiz deyə bilərik ki, xalqımızın bu ulu, nəhəng övladları içərisində öz möhtəşəmliyi ilə yüksəkdə duran, şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızı tarixin ağır sınaqlarından məharətlə çıxararaq, onu inkişafa və tərəqqiyə doğru aparmışdır. Bu müdrik şəxsiyyət DTK-da işlədiyi illərdə də bütün varlığı ilə xalqına xidmət etmiş, neçə-neçə milli ziyalımızı qorumuşdur. O, harada işləməsindən asılı olmayaraq, hansı vəzifə, mənsəb sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsl azərbaycanlı kimi aparmışdır. 34 il bir məmləkətə rəhbərlik etmək hər dövlət və siyasi xadimin işi deyildir. Həm də bu illər görülən işlər öz miqyasına, əhatəliyinə görə müqayisə olunmazdır. …Ötən əsrin 70-80 – ci illərində Bakı əsl tikinti meydanına çevrildi. Az bir vaxt içərisində Bakıda parklar, xiyabanlar, meşə zolaqları salındı. Gül-çiçəyə, yaşıllığa büründü şəhər. Bu işlər Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində də aparılırdı. Qısa bir müddət ərzində Azərbaycan öz simasını tamamilə dəyişdi. Yeni-yeni zavod və fabriklər açıldı, mikrorayonlar, yaşayış sahələri salındı. Elmə, sənətə, ədəbiyyata, mədəniyyətə göstərilən qayğı və diqqət milli intibaha meydan açdı. Çox keçmədi ki, Heydər Əliyevin Azərbaycanda gördüyü bu işlərin sorağı respublikanın sərhədlərini aşıb keçdi, bütün Sovet İttifaqına yayıldı. İctimai-siyasi həyatın və iqtisadiyyatın bütün sahələrində qazanılan yüksək nailiyyətlərə görə ölkəmiz dalbadal keçici bayraqlara layiq görüldü. Azərbaycan Respublikası aqrar məmləkətdən yüksək inkişaf etmiş sənaye məmləkətinə çevrildi. Təbii ki, belə nəhəng işlərin görülməsi asan məsələ deyildi. Belə böyük və mühüm işləri görmək üçün bütün ittifaqda 62 Azərbaycanın müstəsna rolunu önə çəkmək lazım idi, və bunu da yalnız Heydər Əliyev kimi bir şəxsiyyət edə bilərdi. Qısa vaxtda təkcə SSRİ-də yox, bütün dünyada Azərbaycan tanınmağa başladı. Bu da bir həqiqətdir ki, bütün dünya Azərbaycanı və azərbaycanlıları Heydər Əliyevin timsalında tanıyırdı. Ona görə ki, Heydər Əliyev sözün həqiqi mənasında Böyük Azərbaycanlı idi. Özü də bunu həmişə deyər-di: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam…” Ancaq bütün Azərbaycan xalqı da fəxr edirdi ki, onun Heydər Əliyev kimi bir övladı vardır… Azərbaycana rəhbərlik etdiyi ilk gündən Heydər Əliyev mədəniyyətimizin tərəqqisi, inkişafı üçün çox işlər gördü. Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaldıldı. N.Nərimanova, Nəsimiyə, Şah İsmayıl Xətaiyə, H.Cavidə, C.Cabbarlıya və digərlərinə qoyulmuş möhtəşəm heykəl və abidələr Heydər Əliyev yadigarlarıdır. Ötən əsrin 70-80 – ci illərində nə qədər şair və yazıçılarımızın yubileyləri keçirildi. Bu yubileylər respublika çərçivəsində deyil, ümumittifaq, ümumdünya miqyasında keçirildi. Belə yubileylərin təşkilat komitəsinin rəhbəri adətən Heydər Əliyev olurdu. Bir qayda olaraq bu yubileylər Bakıdan sonra Moskvada, Leninqradda və başqa şəhərlərdə də keçirilir, hər bir yubiley əsl mədəniyyət, bayram hadisəsinə çevrilirdi. Belə mərasimlər xalqı təkcə tanıtmır, onu həm də ucaldırdı. Yadımdadır ki, 1981-ci ilin payızı idi. Nizami Gəncəvinin yubileyi keçirilirdi. Keçmiş ittifaqdan və dünya ölkələrindən xeyli qonaqlar gəlmişdi. Çıxış edən qonaqlar poeziya bahadırı Nizami haqqında ürək sözlərini deyəndə, Heydər Əliyevin xidmətlərini də vurğulayırdılar. Moskvalı bir ədib dedi ki, baxın, bu il böyük Nizaminin nə 800, nə 850 illiyidir. Mən bu barədə Heydər Əliyevə deyəndə, o, cavab verdi ki, Nizami elə bir dahidir ki, onun yubileyini hər il, hətta hər ay da keçirməyə dəyər… Ulu öndər Füzuli, Nəsimi, Ü.Hacıbəyov, S.Vurğun, C.Cabbarlı haqqında da belə deyərdi… O illərdə respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində başqa sovet respublikalarında da Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri keçirilirdi. Əlbəttə, başqa xalqların da ədəbi və mədəni məclisləri Azərbaycanda keçirilirdi. Xalqların belə qarşılıqlı məclisləri onların bir-birini daha yaxından tanımasına, mədəni əlaqələrin inkişafına şərait yaradırdı. Sonralar Azərbaycan günləri dünya ölkələrində də keçirilməyə başladı. Hələ o vaxtlar, yəni Sovet İmperiyası dövründə Heydər Əliyev Azərbaycanın gələcəyini, müstəqilliyini görürdü və ona görə də öz ölkəsini dünyada tanıtmaq istəyirdi. Belə günlər isə olduqca dolğun, təmtəraqlı olurdu. Xalqımızın mədəniyyəti, incəsənəti, musiqisi, hətta milli mətbəxi də Azərbaycan günləri keçirilən ölkədə təmsil olunurdu. Kuba Respublikasında keçirilən Azərbaycan günlərində bu sətirlərin müəllifi də olmuşdur. Biz uzaq Kubada da bir daha şahidi olduq ki, Heydər Əliyevi dünyanın hər yerində yaxşı tanıyırlar. Nümayəndə heyətimiz bir də onunla fəxr edirdi ki, Kuba Respublikasının hər yerində Bakının istehsal etdiyi kondisionerlər işləyirdi… Bütün bunlar Heydər Əliyevin xidmətlərinin əks-sədası idi. Bundan başqa, о dövrdə Azərbaycanda çox nüfuzlu elmi toplantılar keçirilirdi. 1979-cu ildə mənəvi tərbiyə ilə bağlı Bakıda Ümumittifaq miqyaslı çox sanballı elmi-tədqiqat konfransı keçirilirdi. O vaxt mən keçmiş Lenin muzeyində işləyirdim. Konfransın bölmələrindən biri bizim muzeydə keçirilirdi. Demək olar ki, SSRİ-nin ən görkəmli filosof, tarixçi, ictimaiyyətçi alimləri Bakı konfransına qatılmışdı. İki il idi ki, bu konfransa bütün ölkə miqyasında hazırlıq gedirdi. Konfransdan əvvəl Heydər Əliyev MK-da alimlərlə görüşmüş, onlarla geniş söhbət aparmışdı. Konfransa gəlmiş çox nüfuzlu alimlər etiraf edirdilər ki, Heydər Əliyev fitri istedaddır. Heydər Əliyev onlara deyirmiş ki, mən iki ildir ümumittifaq miqyasında mənəviyyatla bağlı çıxan bütün kitabları oxumuş, araşdırmışam. İnsanlara bu gün, yeni zaman üçün yeni söz deyilməlidir. Bu gün zamanın tələb etdiyi mənəviyyatın formalaşdırılmasından, bunun yollarından danışmaq, bunları açmaq lazımdır. O vaxt Bakıya gəlmiş tanınmış alimlər də Heydər Əliyevdən iftixarla, qürurla danışırdılar. Heydər Əliyevin dərin məzmunlu və əhatəli nitq və çıxışlarını dinləyən insanların ona hə-sədlə baxdıqlarının çox şahidi olmuşuq… Ötən əsrin 80-90 – cı illərində bütün SSRİ-də dövlət xadimlərindən ən məşhuru, ən çox tanınanı, seviləni bizim xalqımızın lideri idi desək yanılmarıq… Heydər Əliyev şairlə şair, memarla memar, tarixçi ilə tarixçi kimi danışırdı. Bu, o demək idi ki, böyük dövlət xadimi Heydər Əliyev hərtərəfli şəxsiyyət idi. Heydər Əliyev bir neçə dəfə keçmiş Lenin muzeyində olmuşdu. O, olduqca diqqətli, gözündən heç bir şey yayınmayan adam idi. Onun muzeydəki eksponatlara, tarixi sənədlərə necə diqqətlə baxdığının dəfələrlə şahidi olmuşam. Muzeyə baxdıqdan sonra muzey əməkdaşları ilə söhbətlər edər, muzeydəki bir çox sənəd və eksponatlara öz münasibətini bildirərdi. Onun olduqca iti baxışları vardı. Ancaq insanlarla görüşəndə sadədən sadə olurdu. Bizim qarşımızda həmişə vəzifə qoyurdu ki, muzeydə Azərbaycan bütün tərəflərilə görünməlidir. 3 Tale elə gətirib ki, Azərbaycan Yazıçılarının qurultaylarında Heydər Əliyevin yazıçılar qarşısında parlaq nitqlərini dinləmək mənə də nəsib olmuşdur. Bir qayda olaraq onunla birlikdə Azərbaycan KP MK-nın Büro üzvləri də yazıçılar qurultayında iştirak edərdilər. O, Azərbaycanda gedən ədəbi proseslərə elə təhlil verirdi ki, ən görkəmli tənqidçilər belə təəccüb və heyranlıq hissi ilə ona baxırdılar. Biz görürdük ki, o müasir ədəbi qəhrəman məsələsində tənqidçiləri necə çətin vəziyyətdə qoyurdu. Ancaq bir həqiqət vardı: Heydər Əliyev Azərbaycan ədəbiyyatının vurğunu idi və ədəbiyyatımızın nailiyyətlərindən danışmaqdan yorulmurdu. Beləliklə o, həm də ən böyük ədəbiyyatçı idi… …Milli liderimiz Heydər Əliyevin böyük vətənpərvər, xalqsevər olduğu ötən əsrin 90-cı illərində özünü daha bariz şəkildə göstərdi. Məkrli, naqis ermənilərin Vətənimizə təcavüzü və bu təcavüzə M.Qorbaçov başda olmaqla Moskvanın dəstəyinə ilk kəskin etiraz səsini ucaldan, partiya biletini tullayan da, çəkinmədən, qorxmadan, milli cəsarətlə sovet hakimiyyətinə qarşı tənqidlər söyləyən də ilk öncə Heydər Əliyev oldu. Ona arxalanan xalq ayağa qalxdı. Nəticədə müstəqil Azərbaycan Respublikası yarandı. Müstəqil Azərbaycanın keşiyində xalqın arxalandığı Heydər Əliyev dayandı. 1990-1993 – cü illər xalqın yaxşı yadındadır. Müstəqillik qazanmış Azərbaycanın başının üstünü qara dumanlar almış, Azərbaycan parçalanmaq həddinə çatmışdı. Yaxşı ki, о vaxt Heydər Əliyev Azərbaycanda idi. Yaxşı ki, xalqın güman yeri olan Heydər Əliyev var idi… Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyət başına gəldi. O vaxtlar hamının yaxşı xatirəndədir. Ölkədə anarxiya, xaos, hərc-mərclik baş alıb gedirdi. Üstəlik böyük dövlətlərin, xain ermənilərin təbliğatına uyan bəzi daxili separatçı qüvvələri baş qaldırdılar. Bax, belə bir şəraitdə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmişdi. Mən özüm əslən cənub bölgəsindən olduğumdan bir ziyalı kimi öz mövqeyimi о vaxt bildirmişəm. O vaxt cənubdan olan bir çox ziyalılar kimi, mən də Heydər Əliyev siyasətini müdafiə edərək, Vətənin parçalanmasına qarşı bütün varlığımla mübarizə aparmışam. Mən 1993-cü ilin yayında Lənkəranda və ətraf rayonlarda separatçı qüvvələrin at oynatdığı bir dövrdə respublika mətbuatında və televiziyada çıxışlar etmişəm. Mən çox çətinliklə Masallıya gedib, orada dövlətçiliyimizi parçalamaq istəyən qüvvələrə qarşı kəskin çıxış etdim. Yerli camaatı Heydər Əliyev ətrafında sıx birləşməyə çağırdım. Həmin günlərdə cənub bölgəsinin əhalisi birmənalı olaraq dövlətçiliyimizi dəstəklədi. O vaxt Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsarəti və müdrikliyi qoruyub saxladı. Əgər bu böyük şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi və geniş xalq məhəbbəti bir vəhdətdə birləşdiyindən Azərbaycan dövlətçiliyi xilas oldu. Ümummilli liderimiz Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkədə sabitlik yarandı, demokratik yol amalımız oldu. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətin əsas ideologiyası səviyyəsinə qaldırdı. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin ən böyük əsəridir desək, heç yanılmarıq. Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi Heydər Əliyev dövlətçilik sahəsində tarixi işlər gördü. İstər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyev həmişə ziyalılara, əmək adamlarına diqqət və qayğı göstərmişdi. Azərbaycanın müstəqilliyi dövründə ölkə rəhbəri ziyalılara həm mənəvi, həm də maddi dayaq olmuş nə qədər şair və ədibə, artist və musiqiçilərə prezident təqaüd ayırmışdır. Bu gün bu ənənə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev bir insan ömrünə sığmayan titanik işlər gördü. Heydər Əliyevin dilimiz, dinimiz və tariximiz üçün gördüyü işlər bəs edərdi ki, hələ sağlığında ikən ona heykəl ucaldılsın. О öz dilini sevir, ona hörmətlə yanaşırdı. Yadımdadır, 1998-ci ildə Bakıda iki böyük islam toplantısı keçirildi. Hər iki konfransda ölkə Prezidenti iştirak etmiş və geniş, parlaq nitq söyləmişdir. O günlər indi də gözlərim qarşısındadır. Ulu öndərimizin "Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə islam dininə, mədəniyyətinə mənsub olması ilə fəxr edir” mövzusunda söylədiyi parlaq nitq dünyanın hər yerindən gəlmiş görkəmli din xadimlərini, teoloqları sanki ovsunlamışdı. Bu sanballı, lakonik və məzmunlu nitq hamını sözün həqiqi mənasında heyran qoymuşdu… Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.





Hacı Dadaş Gülməmmədov 
"Azəravtoyolservis"ASC 70 saylı YİM-nın direktoru