Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son xəbərdarlıq

Ermənistan illərdən bəri yürütdüyü işğalçı siyasətdən əl çəkməsi, aqressiv ritorikasını dayandırması ilə bağlı faktiki olaraq son xəbərdarlığını alıb. Xəbərdarlıq NATO-nun Varşava sammitində səsləndi.
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsi ilə bağlı proseslərdə son dönəmdə ciddi dəyişikliklər var.

Varşavada NATO sammiti çərçivəsində "Dövlət və hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş" keçirilib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib: "Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.

İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qoşunların Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk".

... Yetərincə qısa zaman kəsiyi ərzində Avropa Birliyi, AŞPA, ATƏT, NATO və hətta Ermənistanın da üzv olduğu MDB ölkələrinin Kollekttiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini, Dağlıq Qarabağ ermənilərinin "müstəqillik"lə bağlı bəyanatlarının illüziya olduğunu açıqladılar.

NATO-nun Varşavda keçirilmiş sammitində də təşkilatın yekun kommünikesində Dağlıq Qarabağ münaqişəsinə əlahiddə yer ayrıldı. Şimali Atlantika Alyansına üzv ölkələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədilər.
Kommünikenin 24-cü paraqrafında vurğulanır ki, alyans ölkələri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqdir: "Bununla əlaqədar olaraq, biz Cənubi Qafqazda, həmçinin Moldovada münaqişələrin beynəlxalq hüququn bu prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik".

Bu isə o deməkdir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.
2014-cü ilin 4-5 sentyabrında NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulamışdılar. Həmin sənəddə dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunmuşdu.
NATO erməni separatizmi, terrorçuluğu və işğalçılıq siyasətinin nə olduğunu, habelə Ermənistanın "arqument"lərinin beynəlxalq hüquqa qarşı olduğunu aşkar bildirdi.

Qərbi Avropa, əslində, çox gec olsa da, separatizmin hansı təhlükə kəsb etdiyini etiraf edib. Belə ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə komissarı Federika Moqerini "Avropa Birliyinin qlobal strategiyası" ("EU Global Strategy") adlı proqram sənədini təqdim edib.

Əsas elementlərdən biri qismində dövlətlərin ərazi bütövlüyünün vurğulandığı sənəddə bildirilir ki, Avropada təhlükəsizliyin ən önəmli məqamları dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisələrin dinc danışıqlar yolu ilə həllidir.
"Bu prinsiplər Avropa Birliyinin sərhədlərindən daxildə və xaricdə bütün dövlətlərə şamil olunur", - sənəddə vurğulanır.
Beləliklə, əvvəl Avropa Birliyi, sonra da Varşava sammitində bəyan etdilər ki, müasir dünya düzəninin və siyasətinin əsas qaydalarından biri sərhədlərin toxunulmazlığı və suverenlikdir.

Azərbaycan da illərdən bəri bunu deyir, Ermənistanın işğalçı siyasət yürüdərək beynəlxalq hüququ heçə saydığını Qərbə anlatmağa çalışır.
ATƏT-in Parlament Assambleyasının Tiflisdə qəbul etdiyi qətnamədə də qurumun səlahiyyət məkanındakı münaqişələrin dinc danışıqlar vasitəsilə çözülməsi istiqamətində səylərin daha da aktivləşdirilməsinə zərurət duyulduğu, güc tətbiqinin yolverilməzliyi, BMT Nizamnaməsinə və Helsinki aktına şəksiz riayət olunmaqla dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyi prinsiplərinin ümdə olduğu vurğulanıb.
NATO-nun Varşava sammiti bu baxımdan Azərbaycan üçün uğur sayıla bilər, çünki bu toplantıda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasının zərurəti ilə yanaşı, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi də önə çəkilib.

NATO onu da bəyan etdi ki, istənilən ölkənin hər hansı başqa dövlətin ərazi bütövlüyünə və siyasi suverenliyinə qarşı güc tətbiq etməsi, yaxud da belə tətbiqlə bağlı təhdidlər səsləndirməsi yolverilməzdir, belə əməllərə görə ciddi məsuliyyət daşınır.

Bəhs etdiyimiz açıqlama Helsinki aktına əsaslanır və həmin sənədi MDB ərazisində Rusiyanın təşəbbüsü ilə yaradıralaraq Moskvanın idarəetməsində olan KTMT bloku da dəstəklədiyini bildirib.

KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri Şurasının (XİNŞ) İrəvanda bu ayın əvvəlində keçirilmiş toplantısında yekun sənəd kimi qəbul edilmiş qətnamədə də Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə həllinə yönəlmiş Vyana və Sankt-Peterburq toplantılarındakı razılaşmalar dəstəklənir. Ən başlıcası isə budur ki, KTMT-nin XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki aktının norma və prinsipləri əsasında nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə göstərdikləri səylər dəstəklənir.

Sənədi Ermənistan da imzalayıb və bununla da işğalçı siyasət yürütdüyünü, Azərbaycanın ərazi bütövlüyünə qəsd etdiyini etiraf edib.
Ermənistanın XİN başçısı Edvard Nalbandyanın bu sənəddə imzasının olması həm də Rusiyanın İrəvana sərt təzyiqlər göstərərək Serj Sarkisyan rejimini aqressiv marazm səviyyəsindəki siyasətində "zəruri düzəlişlər"ə vadar etməyə başlamasından xəbər verir.