Daxili İşlər Nazirliyi (DİN) I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək tamaşaçılara özləri ilə hansı sənədləri götürmələri və hansı əşyalardan istifadədən imtina etmələrinə dair tövsiyələr verib.
DİN-in
Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev İTV-yə
açıqlamasında deyib ki, ilk Avropa Oyunları zamanı tamaşaçıların, eləcə
də iştirakçıların təhlükəsizlyinin təmin edilməsi məqsədi ilə biletlə
yanaşı şəxsiyyət vəsiqələrini də gətirməlidirlər. Əlavə sıxlığın
yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə
vaxtında, yəni saat 17:00-dan etibarən toplaşmaları tövsiyə olunur:
"Tamaşaçılar "ekspress” avtobuslarına minərkən onların şəxsiyyət
vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq. Sonra həmin
tamaşaçılar turniketlərdən keçəcəklər, bu zaman onlar əllərində olan
bileti və şəxsiyyət vəsiqələrini turniketin üzərində olan xüsusi yerə
yaxınlaşdıraraq içəri daxil ola biləcəklər. Sonra tamaşaçılar xüsusi
avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar”.
Ə.Baqişev
tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə götürməməyi məsləhət
görüb: "Bunlar əsasən partlayıcı, tezalışan maddələr, priotexniki
məhsullar, kəsici-deşici alətlər, şüşə qablarda olan hər hansı maye, iri
həcmli çantalar və irihəcmli digər əşyalar stadiona buraxılmayacaq.
Qadağan olunmuş əşyaların siyahısı tamaşaçılara satılan biletlərə qoşma
şəkildə əlavə olunub”.
Qeyd
edək ki, I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün
Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşlarından ibarət 25
min qüvvə cəlb olunub. Yarış və qeyri-yarış obyektləri, qonaqların
qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları
quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata
keçirilib.