Bəhruz Məhərrəmov: Əfv Sərəncamı yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi

Prezident İlham Əliyev növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv Sərəncamı imzalamaqla 154 vətəndaşa ikinci şans verməklə yüzlərlə ailəyə Müstəqillik Günü ərəfəsində sevinc bəxş etdi. Bildiyiniz kimi, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev budəfəki əfv Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır, habelə bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 1 şəxs cəzadan azad edilir, o cümlədən cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülür.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir, 3 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 şəxs cəzadan azad edilir.

Aydındır ki, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməsi amilini nəzərə almaqla prosesin hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər, bir qayda olaraq, o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki ciddi və hərtərəfli araşdırmaların nəticələri də indiki məqamda məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Ümumiyyətlə, dövlətimiz bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir.

İndi bütün bunların fonunda bu böyük humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri, kimlərinsə prosesdən kənarda qalması barədə qərəzli və savadsız mühakimə ən azı bu əfvdən yararlanmış 150-dən çox ailəyə hörmətsizlikdir. Eyni zamanda əfvi amnistiya aktı ilə müqayisə edərək niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddiaları, adətən, görməkdəyik ki, bu da sadəcə savadsız populizmdir. Ən azı ona görə ki, əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir.

Bir sözlə, cənab Prezidentin milli birlik və həmrəyliyin tam təmin olunduğu bir vaxtda imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz.