Bəşəriyyətin gələcəyi uşaqların müdafiəsindən asılıdır

Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Onların hüquqlarının müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunaraq imzalanır, forumlar, tədbirlər həyata keçirilir. Bu məqsədlə də 1950-ci il 1 iyun tarixi Uşaqların Müdafiəsi Günü kimi BMT Baş Assambleyası tərəfindən qeyd olunmağa başlanılıb. 72 ildir qeyd olunan bu gün təkcə bayram kimi deyil, həm də bütün insanlığın diqqətini uşaq məsələlərinə cəlb etmək üçün bir platformadır.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, uşaqlar hər bir ölkədə əhalinin təxminən 20-25 faizini təşkil edir. Ayrı-ayrı ölkələrdə uşaqlar müxtəlif təhlükələrə məruz qalırlar ki, onları belə bəlalardan qorumaq lazımdır.

Azərbaycanda bütün dövrlərdə uşaqların müdafiəsi, onların böyüklərin davamlı diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri olmuşdur. Ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaratmağa çalışırlar. Hazırda respublikada iki milyon altı yüz mindən çox uşaq var, bu, ölkə əhalisinin dörddəbirindən bir qədər çoxdur. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və daha da gücləndirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub və 1992-ci ildə Uşaq Hüquqları Haqqında Konvensiyaya qoşulub. Azərbaycan bu konvensiyaya qoşulmuş 189 ölkədən biridir. Əlamətdar cəhətlərdən biri kimi onu da qeyd etmək lazımdır ki, 1999-cu ildə Uşaq Hüquqları Haqqında Konvensiyanın müddəalarına əsaslanaraq “Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır.

Azərbaycan hökuməti gələcəyimiz olan balalarımız üçün çox böyük işlər görüb. Onların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Dövlətimizin başçısı dəfələrlə öz çıxışlarında qeyd edir: “Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti öz müsbət nəticələrini verir. Hazırda elm, təhsil, texnologiya, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğur qazanan istedadlı balalarımız bu siyasətin ən bariz nümunələridir. Bu günlərdə ölkəmizdə ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında maraqlı və kreativ layihələr təqdim edən şagirdləri misal çəkə bilərik.

Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa olunur. Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiya etməsi üçün mühüm işlər görür. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində uşaqlar doğma ev-eşiklərindən didərgin düşmüş, azad, sərbəst yaşamaq hüquqları pozulmuşdur. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edirdi. Ədalətsiz, ikili standartların əsiri olan dünyada körpələrin fəryadını eşidən, onların səsinə səs verən yox idi. 2020-ci ilin sentyabrın 27-də erməni hərbiçilərin törətdiyi təxribatın nəticəsində başlanan II Qarabağ müharibəsi zamanı Ermənistan yenə də uşaqları, onların valideynlərini qətlə yetirməkdən çəkinmədi. Müharibədə uğursuzluğa düçar olan, Ermənistanın hərbi-siyasi rəhbərliyi yaşayış evlərini, dinc əhalini, o cümlədən qadın və uşaqları qadağan edilmiş raket bombaları ilə atəşə tutur, onların faciəli şəkildə qətlinə səbəb olurdu. Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulması idi. Azərbaycan haqlı olaraq vətəndaşlarımızın, uşaqlarımızın pozulmuş hüquqları haqqında bəyanatlar versə də, beynəlxalq təşkilatları ədalətli mövqe bildirməyə çağırışlar etsə də adekvat cavab ala bilmədi. Azərbaycan hökuməti, cəmiyyəti özü bu uşaqların problemlərini həll etdi, onlara arxa, dayaq oldu.

Uşaqların sağlam və xoşbəxt böyüməsi həmişə aktual olmuşdur, lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Əlbəttə, uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmin edilməsi həm valideynlərin, həm dövlətin, həm də cəmiyyətin qarşısında duran əsas məqsəddir. Sonda bir daha qeyd etmək istərdik ki, Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr, tədbirlər uşaqların müdafiəsi sahəsinə uğurlu töhfələr verəcək və bu istiqamətdə fəaliyyət daha da güclənəcəkdir.