HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürəgəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Xalqların və ölkələrin inkişafının əsasında şəxsiyyətlərin və ideyaların dayanması inancı ictimai düşüncəyə dərindən hakim kəsilmiş həqiqətlərdən sayılır. İnkişafın şərəfli yolunu keçmiş və ya bu yolda olan xalqların nümunəsi (tarixi) deyilənin ən bariz ifadəsi haqqına sahibdir. Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda dahi şəxsiyyətlər, liderlər çıxış edib və bu gün də çıxış etməkdədirlər. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə tarixi təcrübədə hələ ki, rast gəlmək mümkün deyil. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Heydər Əliyevin ölkəmizin rəhbəri seçilməsinin 40 illiyi ərəfəsində müasir tariximizin bu həqiqəti Azərbaycanın indiki əzəmətli inkişafı fonunda daha aydın, daha bariz şəkildə qavranılmaqdadır. Azərbaycanın müasir intibahının memarı Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq, Azərbaycanın həqiqi intibahının müasirləri olduğumuz dövrə təsadüf etdiyi ictimai düşüncənin birmənalı qəbul etdiyi həqiqətlərdəndir. Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş, onun indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi sosial-iqtisadi və millimənəvi hadisələr məhz yaşadığımız zamanda cərəyan etməkdədir. Heç şübhəsiz, bütün bunların üzərinə vurulmuş müasirlik möhürü Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir. Bu mənada, Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış olur. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyevin siyasi varisi İlham Əliyevin inamlı qələbəsi, hazırda həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam etmək resurslarına malikdir. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi haqqında qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsinə deyil, bəlkə də daha çox bu rəhbərliyin zəngin məzmuna malik olmasına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki surətli və hərtərəfli yüksəliş illəri, bəlkə də intibahı adlandırmaq daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz haqqında söhbət gedən zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialı, təbii resursları – bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış və bununla da öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, heç şübhəsiz, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Böyük tarixi şəxsiyyətlərin rolunu adekvat şəkildə qiymətləndirmək asan olmur. Görünür, bu həm də onunla əlaqədardır ki, dünyamiqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradır. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir. 171 Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olmuşdur. Həmin dövrdə ölkənin inkişafı sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə kimi özünü bürüzə vermişdir. 1970- 1980-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır. Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliləyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Heydər Əliyevin tarixi missiyasının təntənəsi, müasir Azərbaycanın yaradılması deməkdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Toplumun ali kamillik göstəricisi dövlətdə birləşmək, liderin müstəsna tarixi xidməti dövlət yaratmaqdır. Hər bir xalqın tarixində onun müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürmüş ümummilli liderlər olub. Dövlət müstəqilliyini uzun illər itirmiş Azərbaycanın XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını tarixin hökmü ilə Heydər Əliyev yerinə yetirməli oldu. Xalqımızın indiki nəsilləri müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlara görə Heydər Əliyevə minnətdar olduğunu gizlətmir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev haqlı olaraq azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, ümummilli lider adını qazanmışdır. Heydər Əliyevin xalqımızın qəlbində əsrlər boyu yaşamış müstəqillik ideyaları ilə qovuşması, heç şübhəsiz, əhəmiyyətli təkamül mərhələsi keçərək XX əsrin son onilliklərində Azərbaycanın milli yüksəlişinin məfkurə əsası kimi özünü büruzə vermişdir. Bunun əyani misalını sovet rejiminin ən sərt çağlarında Azərbaycana rəhbərlik edən Heydər Əliyevin milli ruhun inkişafına təkan verən cəsarətli addımlarında görmək o qədər çətin deyil. Əvvəla, Heydər Əliyev ona xas olan müdrikliklə dərk edirdi ki, siyasi müstəqillikdən məhrum olmuş xalqın milli ruhunu dirçəltməyin ən etibarlı yolu onun iqtisadiyyatının inkişafından keçir. Məhz bunun sayəsində xalqın özünə inamı arta bilər ki, bu da öz növbəsində milli ruhu yüksəltmək, milli oyanışı gücləndirmək və millətin özünü ifadə etmək arzusunu daha dərindən alovlandırmaq qüdrətinə malikdir. Bu mənada, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın sıçrayışlı iqtisadi yüksəlişinin xalqımızın müstəqillik məfkurəsinin möhkəmlənməsində əvəzsiz rol oynadığını ayrıca vurğulamamaq ən azından ədalətsizlik olardı. Digər tərəfdən, unudulmamalıdır ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikanın inkişafı universal səciyyə daşımış, yüksəliş həyatın heç bir sahəsindən yan keçməmişdir. Başqa sözlə, iqtisadi inkişafla yanaşı, milli ruhu yüksəltməyə birbaşa təkan verən mədəni və mənəvi intibah meyilləri də aydınca müşahidə edilmişdir ki, bu da atılan addımların milli – məfkurə məna tutumuna malik olduğuna heç bir şübhə yeri qoymur. İqtisadi inkişafın formalaşdırdığı milli özünəinam hissləri mədəni-mənəvi yüksəlişin yaratdığı milli özünüdərk və özünüifadə istəkləri ilə tamamlanaraq əslində müstəqillik məfkurəsinin gündən-günə möhkəmlənən nüvəsini əmələ gətirirdi. 1977-ci ilin Konstitusiyasında SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan edilməsi yuxarıda irəli sürülən tezisi təsdiqləmək gücündə ola biləcək çoxsaylı dəlillərin ən bariz nümunəsi sayıla bilər. Heydər Əliyevin 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunmasının milli qürur və iftixar hissi yaradan amil kimi milli məfkurəvi rol oynamasını da diqqətdən kənarda saxlamaq düzgün olmazdı. Xalqın liderinin onun hüdudlarından kənarda tanınması və etiraf olunması qədər məfkurəyə və milli düşüncəyə emosional səviyyədə müsbət təsir göstərən digər amil təsəvvür etmək çətindir. Ümummilli lider Heydər Əliyevin dünyanın iki super dövlətindən birinin rəhbərlərindən olması gerçəkliyini dərk etmək özü- özlüyündə milli-birləşdirici amil kimi məfkurə daşıyıcısı rolunu yerinə yetirirdi. Sadalanan tezisləri cəm edərək tam əminliklə söyləmək mümkündür ki, bir yandan Heydər Əliyevin XX əsrin son onilliklərində Azərbaycanın intibahı yolundakı xidmətləri, digər tərəfdən isə milli lider kimi birmənalı olaraq bütün xalq tərəfindən qəbul edilməsi milli azadlıq məfkurəsinin yeni mərhələdə formalaşmasında həlledici rol oynamış oldu. Məhz bunun sayəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda azadlıq hərəkatı SSRİ-nin digər respublikaları ilə müqayisədə daha böyük vüsət ala bilmişdi. Azadlıq hərəkatının çox 172 müxtəlif – istər rəsmi, istər qeyri-rəsmi səviyyələrdə, artıq o zaman istefada olan Heydər Əliyevin adı ilə əlaqələndirilməsi də öz növbəsində irəli sürdüyümüz fikrin təsdiqinə xidmət edən parametrlərə sahib olduğunu göstərir. Onu da vurğulamağa dəyər ki, Heydər Əliyev fenomenini geniş vüsət almış azadlıq hərəkatından ayırmaq cəhdləri nəticə etibarı ilə bu təşəbbüs tərəfdarlarında təsəlli yaradacaq sonluğa gətirib çıxarmadı. Etiraf etmək lazımdır ki, Heydər Əliyevin adı və şəxsiyyəti azadlıq hərəkatını həvəsə gətirən və ona əlavə güc verən fenomen kimi qətiyyətlə qəbul olunurdu. Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra ilk aylarda daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan bu ideyanın təsiri altına düşür və dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töfvələr verən Heydər Əliyev qazanılmış müstəqilliyin müstəqil dövlətə çevrilməsinin yeganə təminatı ola bilər. Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi geriyə dönməzlik imunitetinə sahib çıxa bilər. Qətiyyətlə iddia etmək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi çağdaş tariximizə əslində müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi, sözün həqiqi mənasında, Heydər Əliyevə qayıdış və əlbəttə, Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycan müstəqillik məfkurəsini şəxsiyyət fenomeni ilə tamamlamaq üçün Heydər Əliyevə qayıdışa, qazanılmış müstəqilliyi geriyədönməz milli sərvətə – müstəqil dövlətə çevirmək üçün isə Heydər Əliyevin qayıdışına möhtac idi. Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin dövlət qurucusu anlamında başadüşülən güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin 90-cı illərinin ictimai ovqatının dövlət qurucusu olan güclü lider ideyası üzərində kökləndiyini sübuta yetirmək üçün kifayət qədər dəlillərin gətirilməsi mümkündür. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdi. Azərbaycanın müasir tarixinin ən böhranlı mərhələsi hesab edilən XX əsrin 90-cı illərinin əvvəllərində ictimai düşüncə səviyyəsində güclü lider ideyasının birmənalı şəkildə Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirilməsi o dövrün gerçəkliyinin digər, yuxarıda qeyd olunan məfkurə prinsipindən daha populyar ideyası olaraq qavranılırdı. Başqa cür ifadə etməli olsaq, etiraf etmək lazımdır ki, haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyası əslində ümidlərin Heydər Əliyevlə bağlanmasına ideoloji baza yaratmaq məqsədi güdürdü. Ən başlıcası isə bu, bütünlüklə cəmiyyəti, onun hər bir təbəqəsini həm əhatə edən, həm də birləşdirən məfkurə rolunu oynayırdı. Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini məhz yuxarıda haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə yüklənmişdir. Xalq Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də xilaskar kimi baxırdı. Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar ümummilli lider Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır. Əslində, Heydər Əliyevin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin. eyd etməyə dəyər ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə xas olan fərqləndirici cəhətlərdən birinin haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır. Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Əslində, o, Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və  173 mənəvi situasiyanın yaradılmasında görürdü. Başqa sözlə, Heydər Əliyev özünün xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşürdü ki, bunları həyata keçirərək Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu, müstəqil Azərbaycan dövlətinin qurulduğunu bəyan etmək mümkün olsun. Buna görə müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması həm də Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmləndirən əsasların yaradılması demək idi. Ölkəmizə yönəlmiş müxtəlif təzyiq və təhlükələrin dəf edilərək birdəfəlik neytrallaşmasında Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının müstəsna rol oynadığını xüsusi qeyd etməyə ehtiyac var. Məhz onun sayəsində Azərbaycan uğurlu tarazlaşmış xarici siyasət yeritmək manevri qazana bilər, iqtisadiyyatını dirçəltmək, genişmiqyaslı sosial layihələri həyata keçirmək üçün güclü dəstək əldə edə bilərdi. Heç şübhəsiz ki, ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünyanın ən dinamik iqtisadiyyatına malik olan ölkə adını şərəflə dörd il dalbadal daşıması, Azərbaycanın beynəlxalq aləmdə rolunun və əhəmiyyətinin hissolunan dərəcədə artması və digər çoxsaylı uğurlarımız Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və xalqımızın taleyində neft strategiyasının nə qədər böyük əhəmiyyət daşıdığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının III qurultayındakı nitqində lakonik şəkildə belə ifadə etmişdir: "Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində ölkəmizə milyardlarla dollar xarici sərmayə gətirilibdir. Əgər 1994-cü ildə, o çətin şəraitdə "Əsrin müqaviləsi” imzalanmasaydı, ondan sonrakı dövr ərzində bütün infrastruktur layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmasaydı, bu gün Azərbaycanda iqtisadi inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Azərbaycanın bir çox sahəsi məhz "Əsrin müqaviləsi”ndən sonra inkişaf etməyə başladı. Bu müqavilə bir növ bütün iqtisadi inkişaf üçün möhkəm təkan verdi. Azərbaycanın qarşısında duran sosial məsələlər daha da uğurla həll olunmağa başladı”. Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin başının üstünü almış təhlükələr və total böhran separatçı meyillərlə müşayiət olunmaqla daha da dərinləşərək əslində Azərbaycanı real parçalanmaq həddinə çatdırmışdı. Ölkə üçün üzləşdiyi təhdidlərin ən təhlükəlisi olan separatizmin dəf edilməsi ifrat dərəcədə zəifləmiş mərkəzi hakimiyyət şəraitində yalnız ümumi birləşdirici ideya əsasında mümkün idi. Və təbiidir ki, belə bir ideya yalnız Heydər Əliyevin zəkasının nəticəsi kimi meydana gələ bilərdi. Azərbaycançılıq məfkurəsinin Heydər Əliyevin tarixi qayıdışının Azərbaycan gerçəkliyinə gətirdiyi ən dəyərli və gərəkli ideya olduğunu vurğulamaq əslində bir daha onun böyüklüyünü etiraf etməkdir. Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik sözün həqiqi mənasında həm də Heydər Əliyevin azərbaycançılıq baxışlarına minnətdar olmalıdır. Beləliklə, Heydər Əliyevin 1993-cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi. Müstəqil Azərbaycan bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Heydər Əliyev ideyaları yeni mərhələdə Özünün birmənalı təsdiqini tapmış sosioloji qanunauyğunluğa görə şəxsiyyətin böyüklük parametrləri içərisində həlledici əhəmiyyət kəsb edən cəhətlərdən biri onun nəinki öz dövrünün ictimai-siyasi proseslərinə təsir etmək imkanı, habelə sonrakı proseslərə də təsir göstərmək qüdrətli hesab olunur. Bu mənada, Heydər Əliyevin şəxsiyyəti, əzəmətli zaman məfhumu prizmasından yanaşıldıqda daha nəhəng və əzəmətli görünür. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlığına bilavasitə dəlalət edir. Ölkəmizin son illərdə Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək fövqəladə uğurlar qazanması faktı da onun şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar Heydər Əliyev irsinin, Heydər Əliyev ideyalarının ölkəmizin müasir inkişafının ideya əsasları rolunu uğurla oynamasına sübutdur. Heydər Əliyev strategiyasının müasir inkişafın ideya əsası rolunda çıxış etməsi hər şeydən əvvəl onun universal mahiyyətindən irəli gəlir söyləsək, yəqin ki, səhvə yol vermərik. İkinci bir tərəfdən, bu strategiya ölkəmizdə tarixən formalaşmış dəyərlər sisteminə söykəndiyindən böyük perspektiv üçün nəzərdə tutulub.174 Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası ideyanın praktik fəaliyyətə transformasiya edərək insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin tam dəstini özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini ehtiva edən prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Məhz bu amil onun ictimai cazibədarlığını və səmərəli fəaliyyət əmsalını şərtləndirən səbəblərdən biri keyfiyyətində çıxış edir. İnkaredilməz həqiqətdir ki, ictimai ideya fərdi qavranma və qəbuledilmə mexanizmi vasitəsilə ictimai və ya ümummilli davranış faktoruna çevrilir. Tarixi təcrübə fərdi maraqlar yükünü daşımaq imkanından məhrum edilmiş ideya sisteminin uğursuzluğa məhkum edildiyini dəfələrlə sübuta yetirmişdir. Bu baxımdan, artıq söylənilən tezisi başqa şəkildə ifadə edərək təsdiqləmək mümkündür ki, Azərbaycanın davamlı inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyevin baxışları sisteminin gücü milli ideyanın kifayət qədər fərdi maraq ünsürləri ilə yüklənməsindədir. Məhz bunun sayəsində hər bir fərd sözügedən ideya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəldilmiş istək və arzularının ifadəsini tapır. Heydər Əliyevin zəngin irsinə əsaslanan inkişaf strategiyasının təhlili onun üç fundamental başlanğıca istinad etdiyini göstərir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündədir. Ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində və rifah halında yaşaması sosial-siyasi və milli-əxlaqi mühitin, birgə yaşayış norma və qaydalarının mövcüdluğunu özündə ehtiva edir, bu da özü- özlüyündə güclü dövlət anlamını verir. Heydər Əliyevin qurduğu və onun layiqli davamçısı Prezident İlham Əliyevin daha da kamilləşməsi üçün yorulmadan fəaliyyət göstərdiyi müstəqil, demokratik, hüquqi, dünyəvi, sosial Azərbaycan dövləti məhz bu parametrlərə malik olub ölkənin gələcək və sürətli inkişafının mühüm başlanğıcını təşkil edir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təxirəsalınmaz tədbirlər kimi ölkədə sabitliyi, əmin-amanlığı, dövlət intizamını təmin etmək, qanunçuluğu və hüququn aliliyini gözləmək sahəsində atdığı addımların məntiqi bununla izah oluna bilər. Zəngin irsin, hərtərəfli düşünülmüş strategiyanın həyatın gerçəkliyinə çevrilməsi daha bir vacib faktordan bilavasitə asılıdır. Bu, heç şübhəsiz, lider faktorudur. Məhz yeni dövrün yetişdirdiyi lider ideyanın bütün əzəmətini dərk etmək və onu yeni şəraitə maksimum uyğun olaraq gerçəyə çevrilmək qüdrətinə sahib olur. Heydər Əliyevdən sonrakı dövrün belə bir fenomenal liderinin İlham Əliyev olduğu artıq özünü qəti şəkildə təsdiqləyə bilmişdir. İlham Əliyevin müasir Azərbaycan siyasətində qüdrətli bir fenomen olaraq meydana çıxması mahiyyət etibarı ilə Heydər Əliyev siyasətinin məntiqi davamı və yeni keyfiyyət halında inkişaf etdirilməsidir. Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğunda əks olunan strategiyası müasir şəraitdə Prezident İlham Əliyevin fəaliyyətində zəngin və qüdrətli Azərbaycanın yaradılması vəzifəsi kimi ortaya çıxır. Zəngin və qüdrətli Azərbaycan ölkənin tarixinin nəinki yeni mərhələsi, bəlkə daha çox cəmiyyətin tamamilə fərqli keyfiyyət halı kimi qəbul olunur. Bu özünə daha çox inanan, potensialına daha çox güvənən, nəinki öz hüdudları daxilində, habelə regionda və beynəlxalq aləmdə özünü ifadə etməyi bacaran Azərbaycan deməkdir. Zəngin və qüdrətli Azərbaycan habelə özünü hər cür təhlükələrdən müdafiə etməyə qadir, torpaqlarımıza göz dikənlərə layiqli cavab verməyi bacaran Azərbaycandır. Ölkəmizin bu keyfiyyətlərinin tarixi gerçəkliyə çevrildiyini görməmək mümkün deyil. Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti siyasi və hərbi gücə transformasiya etməkdədir. Deməli, zəngin və qüdrətli Azərbaycanın qəti şəkildə formalaşmasının mühüm şərtlərindən olan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq siyasi nüfuz və hərbi güc amili özünü daha aydın şəkildə büruzə verməkdədir. Azərbaycanın iqtisadiyyatı regionun ən güclü iqtisadiyyatıdır. Azərbaycanın büdcəsi region dövlətlərinin üst-üstə büdcələrindən artıqdır. Heç zaman militarizmə meyilli olmayan Azərbaycan indi özünün müstəsna olaraq təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün regionda ən güclü orduya sahibdir. Beləliklə, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır. Qırx il bundan əvvəl başlayan yol davam edir. Azərbaycan bu yolla irəliləyərək yüksəlir, inkişafın surəti ilə dünyanı heyrətə salır. Belə inkişaf tempi Azərbaycana yad deyil. Ötən əsrin 70-ci illərində də ölkəmiz bu cür vüsəti yaşamışdı. Onda Heydər Əliyevin rəhbərliyi altında. İndi ümummilli liderin ideyaları əsasında dahi rəhbərin varisi İlham Əliyevin rəhbərliyi altında. Hamımız bu yolla gedirik. Bu yolda işıq var, həqiqət var, inkişaf var.

Əbülfət Qasımov 
Abşeron rayonu Xırdalan Şəhərinin İcra Nümayındəsi