HÜQUQİ DÖVLƏTİN BANİSİ

Azərbaycanın çağdaş tarixini ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir. Hamı yaxşı bilir ki, Heydər Əliyevə məxsus dahilik keyfiyyətləri olmasaydı, həmin maneələr aradan qalxmaz, həyatımızın indiki gerçəkliyi olmazdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin qayıdışı təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümummilli lider "Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim” deyərək ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdi. Beləliklə, Azərbaycan dövlətçiliyinin müqəddəratı həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edən Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən xilas oldu. Qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına son qoyuldu, cəbhədə atəşkəs elan edildi və vətəndaş müharibəsinin qarşısı alındı. Bir neçə dövlət çevrilişi cəhdi və terror aktları dəf edildi və nəticə etibarilə ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Məhz Heydər Əliyev Ermənistan və Azərbaycan arasında uzun müddətdən bəri davam edən qanlı müharibəni dayandırmağa, atəşkəs elan etməyə, münasibətləri sülh danışıqları müstəvisinə keçirməyə nail oldu. Qarabağ probleminin təkcə ölkədaxili məsələ olmadığını, bir dövlətin – Ermənistanın digər dövlətə – Azərbaycana ərazi iddiasından doğan bu silahlı münaqişənin geopolitik, dünyanın müxtəlif aparıcı dövlətlərinin iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu və bu maraqlardan asılı bir problem olduğunu məhz ulu öndər Heydər Əliyev ilk dəfə dünyaya bəyan etdi, neçə ildən bəri məruz qaldığımız informasiya blokadasını dağıtdı, 


Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Prezidentlik dövrü ərzində keçirdiyi hər bir görüş və tədbirdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması prosesini sürətləndirmək üçün istifadə etmişdi. Mövcud problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində ardıcıl, məqsədyönlü iş aparmışdı. Bununla yanaşı, dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, mötəbər beynəlxalq təşkilatların rəhbərləri ilə ardıcıl və intensiv danışıqlar aparmış, nəticədə nail olduğu atəşkəs sazişindən məharətlə istifadə edərək dövlətçilik sütunlarının möhkəmləndirilməsi, hərbi quruculuq, vahid komandanlıq altında nizami ordu yaradılması, demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu yolunda geniş islahatlar aparılması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Bu dövrdə Heydər Əliyev ölkədə iqtisadi islahatların həyata keçirilməsi sahəsində çox iş görmüşdür. İqtisadiyyatdakı tənəzzül proseslərinin qarşısını alaraq inkişafa nail olmaq üçün mühüm qanunların qəbul edilməsi, inflyasiyanın uğurlu makroiqtisadi sabitləşdirmə siyasəti nəticəsində cilovlanması, Azərbaycanın misilsiz sərvəti olan neft məsələlərinə böyük əhəmiyyət verərək zəngin neft yataqlarımızın işlənilməsində dünyanın ən qabaqcıl şirkətlərinin bilavasitə iştirakına şərait yaradılması, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, investisiyaların həcminin ən yüksək həddə çatması kimi amillər Heydər Əliyevin bazar iqtisadiyyatının bərqərar olmasına və sabit tərəqqisinə yönəlmiş iqtisadi strategiyasının real bəhrələri idi. Ulu öndərin dövlətçilik fəaliyyəti miqyas etibarilə çox geniş olduğundan, əslində, bu fəaliyyəti istənilən halda tam əhatə etmək qeyri-mümkündür. Bu baxımdan konkret olaraq "Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təminatçısıdır” fikrini əsaslandırmaq məqsədilə tarixi əhəmiyyət kəsb edən bəzi mühüm faktları bir daha sadalamaq və təhlil etmək yerinə düşərdi. İlk növbədə qeyd edilməlidir ki, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi ümummilli liderin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Demokratiya və insan hüquqlarına sadiq olduğunu daim bəyan edən ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa edilməsi sahəsindəki siyasəti gələcək nəsillərin yaddaşına ədalətin bərpası kimi həkk olunacaqdır. Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı  313 olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ilk qərarlarından biri ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklə qarşılaşmışdı. 1992-1993-cü illərdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Ümummilli liderin həyata keçirdiyi siyasət sayəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ qazandılar. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi. 1995-ci il noyabr ayının 12-də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən bu Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsidir. Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik sayəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan indiyədək qəbul olunmuş amnistiya aktları, əfv fərmanları minlərlə şəxsə tətbiq edilmişdir. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquqmühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur. Ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 1998-ci il fevralın 22-də "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. İnsan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası həmin sənədlə müəyyən edildi və ümumdövlət səviyyəsinə qaldırıldı. Bunun ardınca təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmitədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu fundamental sənədlərin fəlsəfəsi ondan ibarətdir ki, hər bir şəxs Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olsun. Belə ki, Konstitusiyada bəyan edilmiş hüquqların həyata keçirilməsi üçün bir sıra mühüm qanunlar qəbul olunmuş və çevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Deyilənlərə "Kütləvi informasiya vasitələri haqqında”, "Dini etiqad azadlığı haqqında”, "Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, "Sərbəst toplaşmaq azadlığı haqqında” və digər qanunları misal göstərmək olar. Ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun qəbul edilməsi oldu. Belə bir hüquqi təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaratdı. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən "Vətəndaşlıq haqqında”, "Sərbəst toplaşmaq azadlığı haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Məlumat azadlığı haqqında”, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Prokurorluq 314 haqqında”, "Polis haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur. Bunlar, bir tərəfdən, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyat qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə edir. Heydər Əliyev respublikamızda mətbuata dövlət qayğısını, kütləvi informasiya vasitələrinin inkişafını, fikir, söz və məlumat azadlığının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edərək 1998-ci il avqustun 6-da imzaladığı fərmanla 1992-1993-cü illərdə sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırdı. Bu təşəbbüs ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsinə, hüquqi və etik normaların gözlənilməsinə və qanunlara uyğun mexanizmin yaradılmasına yönəldilmişdi. Ümummilli liderin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qələbələrlə zəngin bəhrələr verir. Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin bu dövrünün qısa təhlili göstərir ki, ölkənin həyati mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın konkret vəzifə və istiqamətləri, prinsipləri ilə seçilən ardıcıl xarici siyasət xətti yalnız 1993-cü ilin ikinci yarısından etibarən yeridilməyə başlanmışdır. Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qorumağa, möhkəmləndirməyə və ölkəmizin dünya birliyinə inteqrasiyası üçün əlverişli beynəlxalq şəraiti təmin etməyə yönəlmiş çoxşaxəli, fəal xarici siyasətinin nəticəsidir ki, indi Azərbaycan dövləti bölgədə və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Ölkədaxili demokratik proseslər və iqtisadi dəyişikliklər də əlavə olunmaqla, uğurlu xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır. Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd və şəhərlərimizin bərpa olunması, sayı bir milyonu keçən və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir müstəqil Azərbaycanın memarı, böyük öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur. 1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi. Həmin illərdə hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli lider vicdan və azadlıqların təmin edilməsini, tolerantlıq mühitinin yaradılmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı. Bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən Azərbaycanın dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli liderin xidmətləri əvəzsizdir. Ulu öndərin rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı, digər istiqamətlərdə də möhtəşəm nailiyyətlər 315 qazanılmışdır. Möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması mahir sərkərdə kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq istiqamətlərindəndir. Ən müxtəlif zümrələri əhatə edən, eyni zamanda siyasi müstəvidə baxışlarına görə həmfikir olan vətəndaşların vahid ideologiya ətrafında və mükəmməl konsepsiya əsasında təsisatlanaraq birgə fəaliyyətinin təmin edilməsi ümummilli liderin siyasi qüdrətini özündə ehtiva edən ən mühüm keyfiyyətlərdən biri sayılır. Elə bu səbəbdən də nəticə etibarilə Heydər Əliyevin dövlət idarəetmə səriştəsini daim yüksək qiymətləndirən Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi siyasi xəttin düzgünlüyünə bir daha şahid oldu. Bu siyasətə fəal dəstəyini sonrakı proseslərdə də əsirgəmədi. Ulu öndərin "Dünənin, bugünün, gələcəyin partiyası” deyə həm keçmişini, həm bugününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə qəti əmin olan Azərbaycan xalqı 2003 və 2008-ci illərin prezident seçkilərində də məhz bu partiyanın namizədinə – Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərdi. Bununla da müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni yüksəliş mərhələsinin əsası qoyuldu. Cənab İlham Əliyevin fəaliyyətinin ən mühüm göstəricisi odur ki, o, Heydər Əliyevin əsasını qoyduğu tərəqqini, əldə edilən nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını genişləndirdi, inkişaf dinamikasını qat-qat artırdı. Böyük çətinliklə qazanılan ictimai sabitlik toxunulmaz qaldı, sosial-iqtisadi yüksəliş, mütərəqqi siyasi dəyişikliklər, hüquqi və demokratik yönümlü islahatlar uğurla davam etdirildi, demokratik prinsiplər və insan hüquqlarının prioritetliyi təmin olundu, xalqın sabaha inamı, dövlətə və rəhbərə etimadı daha da artdı. Ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması istiqamətində atılan konkret addımlar öz bəhrəsini verdi, milli birlik, vətəndaş həmrəyliyi möhkəmləndi, yüzlərlə insan Prezidentin ali mərhəməti nəticəsində əfv olunub cəmiyyətdə yenidən özünü təsdiq etmək imkanı əldə etdi. Milli-mədəni intibah yeni yüksəliş dövrünə qədəm qoydu, azərbaycançılıq ideologiyası ətrafında mənəvi səfərbərlik təmin olundu. Ulu öndər Heydər Əliyevin misilsiz zəhməti və böyük siyasi məharəti sayəsində baş tutmuş və müasir dünyanın ən möhtəşəm mühəndislik qurğularından sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsi cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ən diqqətçəkən hadisələrdən biridir. Bu kəmər ölkəmizin iqtisadi inkişafına xidmət etməklə yanaşı, həm də Azərbaycanın geosiyasi maraqlarının təminatında, milli təhlükəsizliyimizin qorunmasında da mühüm amildir. Son proseslər sübut etdi ki, Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı beynəlxalq enerji, nəqliyyat layihəsinin və ya hansısa digər regional iqtisadi-sosial təşəbbüsün həyata keçirilməsi mümkün deyil. İqtisadi inkişaf dinamikasına görə Azərbaycan dünya dövlətləri arasında öncül mövqeyə çıxıb. Ümumi daxili məhsulun artımına görə isə dünyada liderliyini qoruyub saxlayır. Digər tərəfdən, regionların, qeyri-neft sektorunun yüksələn xətlə inkişafı, yeni infrastrukturların yaradılması, sosial-iqtisadi proqramların uğurla gerçəkləşdirilməsi, beynəlxalq iqtisadi sistemə inteqrasiya ölkəmizin düzgün inkişaf yolunda olduğundan xəbər verir. Bu gün ümumbəşəri problemə çevrilən qlobal maliyyə böhranından Azərbaycanın faktiki olaraq az zərər çəkməməsi də cənab İlham Əliyevin dövlət başçısı kimi məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi qəbul edilməlidir. Bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlərin siyasi aspektdə tədqiqi aşağıdakı nəticələrə gətirib çıxarır: - ölkə daxilində düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, siyasi, ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında səfərbər edilməsi; - diplomatik və siyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, bölgədə və dünyada müttəfiqlərin qazanılması; - beynəlxalq həyatın bir çox probleminin həllinə münasibət bildirmək və özünün iştirak etdiyi regional münaqişəni dünya siyasəti səviyyəsinə qaldırmaq məqsədilə dünyanın aparıcı dövlətləri ilə, beynəlxalq və regional təşkilatlarla, xarici ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək institutlarla, diaspor mərkəzləri və başqa qurumlarla hərtərəfli işin aparılması və s. Məhz bu istiqamətlər Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən cənab İlham Əliyevin xarici siyasət kursunun leytmotivini təşkil edir. Bu gün beynəlxalq reallıqları qiymətləndirərkən belə bir amil unudulmamalıdır ki, dövlətlərarası münasibətlər daim dinamikada və planetin ictimai-siyasi həyatının bütün sahələri ilə təmasda olan bir prosesdir. Bu müstəvidə dövlət başçısı özünün xarici siyasətində Heydər Əliyevin Azərbaycanın müstəqilliyi kontekstində işləyib hazırladığı, qlobal əhəmiyyət kəsb edən sülh diplomatiyasına  316 üstünlük verir və düşünülmüş xarici siyasət strategiyasını həyata keçirmək üçün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ali kürsülərindən, böyük səkkizliyə daxil olan, habelə dünyanın digər aparıcı dövlətlərinin diplomatik vasitələrindən səmərəli istifadə edir. Müstəqil Azərbaycan dövlətçiliyinin yaradılmasının və inkişafının haqlı olaraq Heydər Əliyev epoxası adlandırıla bilən bu dövrü tarixi sərvət və olduqca qiymətli bir irsdir. Xalqımız bu sərvəti, bu irsi qoruyub saxlamalı, inkişaf etdirməli və nəsildən nəslə çatdırmalıdır.

Qafil Baxşıyev

Şəmkir Rayon Məhkəməsinin sədri