İki İcra Hakimiyyətində maxinasiyalar üzə çıxdı

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Şirvan Şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Sabahinfo.az APA-ya istinadən bildirir ki, Şirvan şəhərində 1 yanvar 2016-cı il tarixə mənzil fondunda özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 193870 m2, dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi 140365 m2, fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsi 185606 m2 olub.
 
Dövlət mülkiyyətində olan mənzillərin özəlləşdirilməsi hesabına 2014-cü ilin əvvəlinə olan göstərici ilə müqayisədə özəlləşdirilmiş mənzillərin yaşayış sahəsi 1 aprel 2016-cı il tarixə 3,7% çox olub. Audit 4 qurumda həyata keçirilib və ümumilikdə 4817 min manat məbləğində vəsait əhatə olunub. Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər m2-ə düşən xərc araşdırılmyıb. Eyni zamanda mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib. Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib. Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan  alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb. Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib. Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb. Hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib. Ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.
 
Hesablama Palatasının Kollegiyası Şirvan şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyənləşdirilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Şirvan şŞəhər İcra Hakimiyyətinə göndərilib. 
 
***
 
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilib auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
 
Audit 4 qurumun fəaliyyətini və ümumilikdə 2850600 manat məbləğində vəsaiti əhatə edib. 
 
Həmin qurumlar tərəfindən 10150 nəfərə, dövlət və özəl mülkiyyətdə olan müvafiq olaraq 111,4 min m2  və 55,7 min m2  mənzil sahəsinə xidmət göstərilib. Auditlə əhatə olunmuş qurumlar tərəfindən proqnozların tərtibi zamanı "Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları" nəzərə alınmayıb. Küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan zaman müntəzəm süpürülən, qulluq edilən yaşıllıq sahələrinin və işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi xərclərinin icrası zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib. Malların (işlərin və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib, iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə xitam verilməsi ilə nəticələnib. Əsaslı təmir işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi yolun istismar müddətinin azalmasına şərait yaradıb. Yolun kənar hissələrində norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan çıxmasına təsir göstərib. Mənzil fondunun əsaslı təmiri işləri aparılmış bir sıra obyektlərdə işlər podratçılar tərəfindən tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz yerinə yetirilib.Küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda vəsait ödənilib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları tərtib edilməyib.
 
Bəzi işçilərə faktiki işləmədikləri halda əmək haqqı ödənilib, təmizlik işlərinə xidmət məqsədi ilə vəzifələr müəyyənləşdirilərkən əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb. Bəzi vəzifələr üzrə əmək haqqı düzgün müəyyənləşdirilməyib və nəticədə artıq əmək haqqı ödənilib. Auditlə əhatə olunan qurumlar tərəfindən ağac və əkin materiallarının alınması məqsədilə təhtəlhesab şəxsə verilmiş vəsait təsdiqedici sənədlər tam olmadan  silinib. Bir sıra hallarda faktiki işləməyən işçilərə əmək haqqı hesablanıb və kassada saxlanılaraq digər məqsədlərə xərc edilib. Əmlak və öhdəliklərin illik inventarizasiyası aparılmayıb, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb. Əvəzsiz olaraq istifadəsinə verilmiş çoxillik əkmələr, ağaclar və yaşıl çəmənlər uçota alınmayıb.
 
Hesablama Palatasının Kollegiyası Salyan Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Salyan Rayon  İcra Hakimiyyətinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.