İmişlidə seminar-müşavirə

Aprelin 9-da İmişlidəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, İmişli, Beyləqan, Füzuli, Xocavənd və Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhadət” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb, rayonda bütün vətəndaşların özlərinin adət-ənənələrinin və dini ayinlərinin icrası üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Vilyam Hacıyev bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar olub. V.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dini dözümlülük və tolerantlığın dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirildiyini vurğulayıb, respublikamızın dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada məqbul bir model kimi yüksək qiymətləndirildiyini söyləyib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında bildirib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi və dini dairələrin bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında gərginlik, qarşıdurma yaratmaq cəhdləri həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir.

Məzhəbçiliyin yaratdığı fəsadlara toxunan sədr müavini vətənpərvərlik hissi zəif olan insanların yad dini ideologiyaların təsirinə daha tez məruz qaldıqlarını və cəmiyyətimiz üçün təhlükəli şəxslərə çevrildiklərini vurğulayıb. Vətənpərvərlik hissinin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu deyən S.Heydərov qeyd edib ki, indiki dövrdə vətənpərvərlik hissinin yüksəlməsinə böyük ehtiyac var. O, Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərdə dini fanatizm, dini radikalizm və dini ekstremizm meyillərinə qarşı mübarizə ilə yanaşı, ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirmək, onları Vətənə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsinə xüsusi önəm verildiyini deyib.

DQİDK-nın sifarişi əsasında vətənpərvərlik mövzusunda çəkilən "Şəhadət” sənədli filmi barədə də danışan sədr müavini bildirib ki, filmdə şücaətləri nümayiş etdirilən hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir. S.Heydərov diqqətə çatdırıb ki, filmdə bəhs edilən Aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib. Hərb tariximizə şanlı hərflərlə yazılan, bu yaxınlarda 3-cü ildönümünü qeyd etdiyimiz Aprel döyüşlərindən sonra ordumuzun uğurları Azərbaycanın qüdrətini bir daha bütün dünyaya sübut edib.

Sədr müavini əlavə edib ki, dünyada qlobal təhlükəsizliklə bağlı çox ciddi narahatlıqların yaşandığı, terrorizmin, ekstremizmin və radikalizmin bəşəriyyəti daim təhdid altında saxladığı, həmçinin təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təxribatlara ara vermədiyi bir şəraitdə Azərbaycanın daxili sabitliyinin qorunub saxlanması, cəmiyyətimizdə multikultural, tolerant ənənələrin və həmrəyliyin möhkəmlənməsi, bütün sahələrdə sabit, ahəngdar inkişafın təmin olunması böyük nailiyyətdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. O, bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını diqqətə çatdırıb, ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsinin, bu mühitin qorunub saxlanılmasının həyata keçirilən din siyasətinin mühüm istiqamətlərini təşkil etdiyini vurğulayıb.

Sonra çıxış edən Respublika Prokurorluğunun nümayəndəsi İldırım Vəliyev və Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev dini radikalizm və onun fəsadları, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat veriblər. Eyni zamanda, ölkədə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.

Seminar-müşavirə müzakirələrlə davam edib.