Binə qəsəbəsində yeni işıqforlar quraşdırılıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) mütəxəssisləri tərəfindən 100 minədək əhalinin yaşadığı Xəzər rayonunun Binə qəsəbəsində əsaslı araşdırmalar aparılıb, mövcud nəqliyyat problemləri öyrənilib. Aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində mərhələli şəkildə müxtəlif tədbirlər həyata keçirilməkdədir.

BNA-dan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində növbəti önəmli addım atılaraq Əli İsazadə və Qəzənfər Musabəyov küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılıb, yol hərəkətində təşkilində nəqliyyat axınlarına uyğun dəyişikliklər həyata keçirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Qeyd edək ki, bundan öncə də Binə qəsəbəsində, Əli İsazadə və Fuad Aynalov küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda isə adıçəkilən qəsəbədə, Əli İsazadə küçəsində yerləşən “Ədalət parkı”nın qarşısında da bu istiqamətdə işlər aparılır. Həmçinin növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış layihə əsasında Binə qəsəbəsində yeni avtobus dayanacaq məntəqələri təşkil ediləcək, müvafiq yol nişanları quraşdırılacaq, nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidlərinin sayı artırılacaq.