İtalyanlar TAP-da pay sahibi olmaq istəyir

İtaliyanın qaz nəqli ilə məşğul olan "Snam” şirkəti Azərbaycan qazını Avropaya çatdırmalı olan Transadriatik Qaz Kəmərinin (TAP) tikintisi layihəsində 20 faizədək pay sahibi olmaqda maraqlıdır.

Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Snam” şirkətinin icraçı direktoru Karlo Malakarne bəyanat yayıb.

K.Malakarnenin sözlərinə görə, qaz idxalçılarının Azərbaycan qazının satın alınmasına dair uzunmüddətli müqavilələr bağlaması faktı bu layihənin səmərəli olacağının və özünü doğruldaraq bütün xərcləri artıqlaması ilə ödəyəcəyinin təminatçısı rolunda çıxış edir. Bu isə öz növbəsində "Snam” kimi oyunçuların bu layihəyə qoşulması üçün geniş imkanlar açır.

"Biz bu layihədə 20 faiz paya sahib olmaq istərdik” - deyə K.Malakarne Parisdə keçirilən Ümumdünya qaz konfransı zamanı "Reuters” agentliyinə bildirib.