Mircəfər Bağırovun qohumu ilə Həmid Herisçi arasında qəribə MƏHKƏMƏ İDDİASI

Azərbaycan yazıçısı, şairi, publisist və televiziya aparıcısı Həmid Herisçini Mircəfər Bağırovun qohumu məhkəməyə verib.

 Bu barədə Hafta.az-a  Həmid Herisçinin özü məlumat verib. O bildirib ki, Mircəfər Bağırovun qohumu iddia edir ki, biz "ANS" telekanalında gedən "Şəxsiyyət vəsiqəsi” verilişində Mircəfər Bağırovla bağlı yanlış məlumat səsləndirmişik:

"Biz verilişdə Mircəfər Bağırovun Moskvaya göndərdiyi teleqramdan danışdıq. Orada Mircəfər Bağırov tərəfindən repressiyalara başlamaq, müəyyən adamların güllələnməsi barəsində xahiş var. Lakin Bağırovun qohumları söyləyirlər ki, bu teleqram saxtadır. Ancaq onların iddiaları doğru deyil. Çünki biz  bu məlumatı rusdilli mənbədən götürmüşük.

 Eyni zamanda, verilişdə Mircəfər Bağırov barəsində danışanda bildirmişəm ki, onu həm də Mirqəzəb kimi tanıyırdılar. Bunu da ilk dəfə romanında İsa Hüseynov söyləyib. Məhkəməyə iddiaçı Məmmədtağı Bağırov Seyidməmməd oğlu tərəfindən iki dəfə çağırılmışam. Lakin heç birinə getməmişəm. Bundan sonra da çağırsalar da getməyəcəm. Hesab edirəm ki, bu çox qeyri-ciddi  iddiadır. Təəccüblənirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları nə üçün bu cür iddiaları qəbul edirlər”.