BMT missiyası Qarabağda nələri görəcək? - Ermənistan növbəti dəfə rüsvay olacaq

Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyəti yoxlamalar aparmaq üçün Azərbaycanın Qarabağ bölgəsində olub.

Qeyd edək ki, Ermənistan "etnik ermənilərin Bakı tərəfindən hədəf alınması" iddiası ilə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyini bildirib. Azərbaycan sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra üzləşdiyi "etnik təmizləmə" ittihamlarını rədd edərək BMT-nin missiyasının bölgədə işləməsinə şərait yaratmışdı.

Ağdam-Xankəndi marşrutu ilə bölgəyə çatan BMT nümayəndə heyəti Laçındakı sərhəd-keçid məntəqəsinə və Xankəndi şəhərində tədqiqatlar aparıb. BMT missiyası mülki infrastruktura zərər dəymədiyini deyib.

Milli Məclisin deputatı Elnur Allahverdiyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana qarşı heç bir məhkəmə iddiasının perspektivi yoxdur. Onun sözlərinə görə, son üç ildə, xüsusilə də 2023-cü ildə İrəvanın etdiyi belə cəhdlərin hamısı nəticəsiz qalıb. Ermənilərin bizə qarşı iddialarını hüquqi müstəviyə transfer etmək cəhdi onlar üçün suisiddir. Çünki büynəlxalq hüquq bizim lehimizədir və bu, özünü Vətən müharibəsinin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsində göstərdi.

“İkincisi də, bizi nədə günahlandıra bilər Ermənistan? Etnik təmizləmədə? 1 milyon əhalini öz yerindən-yurdundan biz didərgin salmışıq 30 il ərzində? Ona görə də ermənilərin bizimlə hüquqi müstəvidə çəkişmələrinin heç bir perspektivi yoxdur. Roma statutunu ratifikasiya etmirlər, nə edirlər, etsinlər” deyən deputat vurğulayıb ki, məsələ bitib. “Onlar üçün acı nəticələrlə bitibsə, öz günahlarıdır, biz onlara çox şans vermişik, dəyərləndirməyiblər”, - deyə deputat E.Allahverdiyev bildirib.

Müsahibimiz qeyd edib ki, BMT-nin missiyasına, işğaldan azad edilmiş ərazilərdə yoxlamaların aparılması təşəbbüsünə Azərbaycan dövləti heç bir maneə yaratmır və yaratmayacaq: “Bizim gizlədiləsi heç nəyimiz yoxdur. BMT missiyası işğaldan azad edilmiş torpaqlarda nələri görəcək? Dağıdılmış evlər, yerlə bir olmuş şəhərlər və kəndləri. Bütün bu cinayətləri kimlərin törətdikləri bəllidir. Biz belə bir missiyanın Qarabağa gəlməsinə 20 ildən çox çalışmışıq. Ermənistan hər vəchlə maneələr yaradıb. Heç düzü, dünya birliyi də buna xüsusi həvəs göstərməyib. Biz bu ərazilərə fakt toplayıcı missiya dəvət etmişik, gəlsinlər baxsınlar, dağıdılmış məzarlıqlarımızı, məcsidlərimizi, tarixi abidələrimizi görsünlər. Ermənilərin əkdikləri narkotik plantasiyalarını görsünlər. Təbii ki, gəlməyiblər. Ancaq indi gəlirlər və gəlmək istəyirlər. Buyursunlar”.

E.Allahverdiyevin sözlərinə görə, Ermənistanın atdığı bəzi addımlar nəinki rasional deyil, hərdən elə təsəvvür yaranır ki, bunları sanki normal təfəkkürlü adamlar etmir: “Bizi “etnik təmizləmə”də günahlandırırlar və bunu beynəlxalq hüquq platformalara daşıyırlar. Təsəvvür etmək belə çətindir ki, internet, rəqəmsal əsrdə etnik təmizləmə həyata keçirilir və dünya bundan xəbərsiz olur. Ötən əsrin 90-cı illərində bütün bu texnoloji imkanlar yox idi və yaxud məhdud idi. Ancaq bizim əlimizdə yüzlərlə sübut olunmuş fakt, videogörüntülər var ki, ermənilər xalqımızın başına hansı oyunları açıblar. İndi isə bu vəsaitlər daha çoxdur və hələ bir dəfə olsun bir kadrda belə Qarabağı könüllü tərk edən ermənilər bizim onlara qarşı zorakı davrandığımızı bildirməyiblər. Xocalı soyqırımını törədən Ermənistanın bizə qarşı bu iddiasının heç bir əsası yoxdur və əgər belə bir cəhdləri olarsa, növbəti dəfə rüsvay olacaqlar”.