MÜASİR AZƏRBAYCANIN QURUCUSU

Nər bir xalqın taleyində dahi insanlar müstəsna rol oynayır. Ayrı-ayrı dövrlər də bu gerçəkliyi inkar etmək üçün nə qədər cəhdlər göstərilsə də, tarix onların əbəs olduğunu sübuta yetirib və dahilik möhürü ilə seçilən insanların müstəsna rolunun nə azaldılmasına, nə də kölgədə saxlanılmasına imkan verməyib. Görünür, zamanın hökmü budur ki, müxtəlif dövrlərin və millətlərin yetirdiyi böyük mütəfəkkirlər məhz tarixin özünə məxsus olmalıdır. Çünki tarixi yaradan onlardır. Dünya tarixini, bəşəri sivilizasiyanı yaradan ən mühüm amil qədim dövrlərdən üzü bəri öz xalqına, dövrünə və nəticə etibarilə bütün bəşəriyyətə xidmət göstərmiş dahilərin ideyaları və əməlləridir. Antik dövrün nəhəng zəka sahibləri, sərkərdələr, dövlət başçıları, onların yaratdıqları mədəniyyət abidələri, inşa etdirdikləri qalalar, şəhərlər və qurduqları imperiyalar olmadan bəşər cəmiyyətinin nə tarixini, nə də mövcud durumunu təsəvvür etmək mümkün deyil. Tarix elə həmin mütəfəkkirlərin zəkasının məhsulu olan imperiyaların, onlara xas olan maddi mədəniyyət nümunələrinin, elmin, ədəbiyyatın, mədəniyyətin yaradılması prosesidir. Azərbaycan xalqının toplum olaraq formalaşması da məhz xalqımızın dahi övladlarının ideyalarının və əməllərinin bilavasitə nəticəsidir. Azərbaycanın dövlətçilik ənənələri, elmi, mədəniyyəti, incəsənəti onların təfəkkürünün, qəhrəmanlıqlarının, əməyinin və yaradıcılığının məhsuludur. Məhz bunların sayəsində ölkəmiz dünya sivilizasiyasına özünün layiqli töhfələrini verib, dövlətçiliyini yaradaraq qoruyub saxlayıb, müasir dünyanın bir hissəsinə çevrilib. Azərbaycanın müasir tarixi və bütünlüklə müasir cəmiyyətimiz əsrlər boyu formalaşan ənənələrin, millimədəni dəyərlərin və müasirliyin üzvi vəhdəti kimi özünü büruzə verir. Bu baxımdan müstəqil Azərbaycan və onun çağdaş tarixi bir yandan milli-mənəvi dəyərlərin inkişafının, digər tərəfdən isə ümumdünya proseslərinin təsirinin nəticəsi kimi göz önündə dayanır. Azərbaycanın XX əsrin sonları, XXI əsrin əvvəllərinə təsadüf edən tarixi, şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. İctimai rəydə sözügedən qənaətin qəti şəkildə qərarlaşdığını sübut etməyə ehtiyac yoxdur. Heydər Əliyevin böyük keşməkeşlər və kəskin dəyişikliklərlə müşayiət olunan uzunmüddətli bir dövr ərzində Azərbaycana rəhbərlik etməsi, xalq tərəfindən ümummilli lider statusuna layiq görülməsi bu qənaətin nə qədər dərin köklərə və ciddi əsaslara malik olduğunu təsdiq edir. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, daha yüksək inkişaf parametrləri kəsb edərək əslində özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bundan sonra hələ neçə illər də Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalacaqdır. 2003 və 2008-ci illərdə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyevin siyasi varisi İlham Əliyevin inamlı qələbəsi, həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi tariximizin Heydər Əliyev mərhələsinin davam etdiyinə bariz misaldır. Müasir Azərbaycan cəmiyyətinin qurucusu missiyasının məhz Heydər Əliyevə məxsus olması barədə qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsi deyil, daha çox bu rəhbərliyin zəngin məzmuna malik olması faktına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş illəri, yeni tarix adlandırmaq bəlkə də daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz həmin zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialını, təbii resursları – bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış, öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu, qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Böyük tarixi şəxsiyyətlərin rolunu onların yerinə yetirdiyi missiyaya tam adekvat şəkildə qiymətləndirmək həmişə çətin olur. Bunun bir çox səbəbləri göstərilə bilər. Lakin ən çətin cəhət onunla əlaqədardır ki, dünya miqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin 229 elə özünü yaradırlar. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir. Sözügedən metodika prizmasından yanaşaraq Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin miqyasını və əhəmiyyətini təhlil etməyə cəhd göstərilə bilər. Təhlil predmeti qismində, təbii ki, onun xalq qarşısında 30 ildən yuxarı müddətdə göstərdiyi xidmət, ölkənin inkişaf konsepsiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi, bir sözlə, Azərbaycan tarixinin Heydər Əliyev dövrü çıxış etməlidir. Lakin tariximizin Heydər Əliyevin dövrü anlayışı kifayət qədər tutumlu olduğundan təhlilin anlaşıqlı mahiyyət kəsb etməsi onu konkretləşdirməyi tələb edir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin yerinə yetirilməsi ilə seçilir. Bu özünü onda göstərir ki, Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etmişdir. Həmin dövrdə ölkənin inkişafı sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə vermişdir. 1970-1980-ci illərdə Azərbaycan cəmiyyətinin həyatında baş verən sürətli tərəqqi sayəsində ölkənin mahiyyət etibarilə yeni keyfiyyət halına, Azərbaycan tarixinin isə yeni inkişaf mərhələsinə keçməsi inkaredilməz reallıqdır. Azərbaycanın ikinci dəfə yeni keyfiyyət halına və deməli, yeni tarixi mərhələyə daxil olması da, artıq başqa siyasi reallıqlar çərçivəsində, 1993-cü ildə Heydər Əliyevin qayıdışı ilə birbaşa əlaqədardır. Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü birüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın hərtərəfli inkişafına nail olmasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliləyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində, bu, Azərbaycan cəmiyyətinin yeni durumunun, daha dəqiq deyilsə, yeni, müasir Azərbaycanın özünün yaradılmasıdır. Heydər Əliyevin yaratdığı yeni cəmiyyətin fundamental xüsusiyyəti onun bu dahi şəxsiyyətin timsalında qüdrətli milli-birləşdirici faktora söykənməsində təzahür edir. Heydər Əliyevin bütün həyatı və fəaliyyəti bir tərəfdən xalqın milli-mənəvi potensialının və resurslarının məcmusu kimi çıxış edirdisə, digər tərəfdən, milli özünüdərk mexanizminin tam mənasında işə salınmasına istiqamətlənmişdi. Bunun sayəsində Heydər Əliyev daim milli-birləşdirici faktor kimi çıxış etmiş və beləliklə də milli inkişaf prosesini bu qüdrətli fundament üzərində kökləməyə müvəffəq olmuşdur. 1970-1980-ci illər rəhbərliyi dövründə Heydər Əliyevin şəxsində təzahür edən milli birlik faktoru məzmun etibarilə Azərbaycanın sürətli inkişafına nail olunmasını və bunun sayəsində milli qürur hissinin möhkəmləndirilməsini ehtiva edirdi. Azərbaycanın az müddətdə keçmiş SSRİ-nin geridə qalmış əyalətindən qabaqcıl respublikalardan birinə çevrilməsi hər bir azərbaycanlıda haqlı olaraq milli qürur hissi yaradır və beləliklə də azərbaycanlılıq, bu millətə mənsub olduğunu dərk etmək fərddə xüsusi iftixar hissi formalaşdırırdı. Bu faktor Heydər Əliyev hakimiyyətə 1993-cü ildə qayıtdıqdan sonra özünü daha aydın göstərərək həqiqi mənada müasir Azərbaycan quruculuğunun ən vacib şərtlərindən birinə çevrildi. 90-cı illərin əvvəllərinə xas olan separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real və ciddi təhlükə yalnız Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan sonra elan etdiyi və qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu. Azərbaycançılıq milli birliyi və vətəndaş həmrəyliyini qoruyub saxlayan, daha da möhkəmləndirən səmərəli faktora çevrildi. Heydər Əliyev isə bu faktoru uğurla hərəkətə gətirərək özünü ölkənin milli birliyinin qüdrətli qarantı kimi təsdiq etdi. Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətinin formalaşdırılması yönümündə tarixi xidmətləri sırasında müstəqil Azərbaycan dövlətinin qurulması şəksiz birincilik haqqına malikdir. Müasir Azərbaycan özünün həqiqi mahiyyətini xalqın məhz bu arzusunun gerçəkliyə çevrilməsində tapır. Hər bir azərbaycanlının və Azərbaycanın müasir tarixinə az-çox bələd olan hər kəsin etiraf edərək yüksək qiymətləndirdiyi sözügedən tarixi missiyanın həyata keçirilməsinin yalnız ölkəmizin müstəqillik dövrünə təsadüf etdiyini düşünmək həqiqəti yarımçıq dəyərləndirmək nümunəsi olardı. Şübhə yoxdur ki, birbaşa, geniş, tammiqyaslı və dövlətçilik anlayışını tamamlayan bütün atributları nəzərdə tutan milli dövlət quruculuğu Azərbaycanın öz müstəqilliyini bəyan etdikdən sonrakı tarixi mərhələnin adına yazılmağa layiq fövqəladə hadisədir. Ancaq siyasi prosesləri və reallıqlarımızın bütün incəliklərini dəyərləndirərkən etiraf etməliyik ki, müstəqil Azərbaycan dövləti siyasi, iqtisadi, mənəvi və s. cəhətlərdən heç də tam boş müstəvi üzəridə qurulmayıb. SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bəyan edərkən Azərbaycan haqlı olaraq özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi hesab etdiyi kimi, milli dövlət quruculuğu prosesində də eyni haqla müstəqillikdən əvvəlki dövrün xalqımıza miras qoyduğu iqtisadi, mədəni, mənəvi potensialdan, habelə dövlət idarəçiliyi ənənəsi və təsisatları sistemindən faydalanmış və faydalanmaqda davam edir. 230 Sadalanan həmin gerçəkliklərin milli dövlət quruculuğu prosesinin istinad etdiyi zəngin və dəyərli milli sərvətlər olduğunu hesab etmək üçün bütün əsaslar mövcuddur. Həmin sərvətlərin formalaşması və zənginləşməsi işində Heydər Əliyev hələ Azərbaycana 70-80-ci illərdə rəhbərlik etdiyi dövrdə böyük əmək sərf etmiş, misilsiz xidmətlər göstərmişdir. Müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində ölkədə əvvəllər yaradılmış iqtisadi, elmi-texniki potensialın müstəsna əhəmiyyəti Heydər Əliyev tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. O, haqlı olaraq bidirirdi ki, Azərbaycanda müstəqilliyə qədərki dövrdə əldə edilən iqtisadi potensial, infrastruktur, elm və təhsilin inkişafı, müxtəlif sahələrdə çalışan yüksək ixtisaslı kadrlar olmasaydı, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı. Beləliklə, təfərrüata varmadan Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən haqlı olaraq onun müstəqil, azad, suveren Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə vurğulanır. Bu mənada azərbaycanlıların onu müstəqil Azərbaycan dövlətinin memarı sayması üçün bütün obyektiv əsasların mövcudluğu inkaredilməzdir. Eyni zamanda, müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin şah əsəri olması barədə ictimai düşüncədə özünə artıq möhkəm yer tutmuş tezisin də öz növbəsində tutarlı dəlillərə söykəndiyini sübuta yetirməyə ehtiyac yoxdur. Bir-biri ilə bağlı olan, bəlkə də eyni hadisənin müxtəlif təzahürü kimi dəyərləndirilə bilən bu iki tezis – Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır və müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir tezisləri ictimai düşüncənin sanksiyalaşdırdığı gerçəklik olaraq qavranılır. Xalq qəti əminliklə onun fərqindədir ki, həyatımızı əhatə edən tarixi gerçəkliyin qərar tapması Heydər Əliyevin fövqəladə xidmətlərinin birbaşa nəticəsidir və bu xidmətlər olmasaydı, Azərbaycanın müasir tarixi tamam başqa qiyafədə meydana çıxmaq zorunda qalardı. Deyilənlərin tarixi analogiya vasitəsilə daha anlaşılan məzmuna gətirilməsinə cəhd etsək, müasir Türkiyənin tarixində Atatürkün oynadığı tarixi missiyanı xatırlamaq yetərlidir. Çoxəsrlik dövlətçilik ənənəsinə malik olan Türkiyə tarixinə Atatürkün Türkiyə Cümhuriyyətinin qurucusu kimi daxil olması ilə türk xalqının ictimai şüuru bu həqiqəti milli düşüncə tərzinin tərkib hissəsinə çevirərək ideoloji məfkurə elementi səviyyəsinə yüksəltmişdir. Başqa sözlə desək, Atatürkçülük çağdaş türk dövlətçilik tarixində başa çatmış hər hansı xronoloji mərhələni deyil, davam etməkdə olan inkişaf və kamilləşmə prosesini əks etdirir. Dövlət quruculuğu missiyasının xüsusiyyəti məhz bundan ibarətdir ki, bu missiya davamlı proses parametrləri kəsb etdiyi halda, tarixi fakt roluna iddia etmək hüququ mənimsəyir. Deməli, siyasi memarın əməyi və xidməti öz ifadəsini təkcə inşa edilən siyasi abidədə deyil, bəlkə də daha çox onun kamilləşməsi və bununla da uzunmüddətli mövcudluğunun təmin etməsi üçün gərəkli olan dəyərlər sisteminin formula edilib milli ideologiyaya çevrilməsində tapır. Bir daha ruhən bizə yaxın olan tarixi analogiyaya müraciət etsək, etiraf olunmalıdır ki, Atatürkün müasir Türkiyə Cümhuriyyətinin yaradıcısı kimi qavranılması onun nə dərəcədə ölkəni fəlakətdən xilas edib dövlətçiliyi qoruyub saxlaması ilə əlaqədardırsa, o dərəcədə də Atatürkçülüyün türk milli ideologiyasına çevrilməsindədir. Çünki məhz bu ideologiya, Atatürk yolu Türkiyə dövlətinin mövcudluğunun və inkişafının fundamental prinsipi və dəyərlər sistemi rolunu oynamaqla onun varisliyini təmin edir. Söylənilən fikirlər və istinad olunan tarixi analogiya Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin banisi olması haqqında tezisin mahiyyətini və məzmununu daha dolğun qavramaq üçün gərəkli elmi metod rolunu oynaya bilər. Düşünürük ki, belə bir metodun tətbiq edilməsinə ehtiyac var. Lakin bu, əsla ictimai düşüncənin qəbul etdiyi həqiqəti sübuta yetirmək zərurətindən doğmur. Əsas məsələ Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin quruculuğu sahəsində müəyyənləşdirdiyi konsepsiya, prinsip və dəyərlər sisteminin milli ideologiya sistemi kimi nəzərdən keçirilərək ictimai düşüncənin mühakiməsinə təqdim edilməsindədir. Aparılan təhlil və nəzərdən keçirilən tarixi analogiyalar bizi qəti şəkildə bu inama gətirmişdir ki, Heydər Əliyevin öz üzərinə götürdüyü tarixi missiya hər hansı xronoloji çərçivəyə sığmır və onun mahiyyət müəyyənliyi Azərbaycan xalqının ideologiya sisteminin yaradılmasındadır. Həmin ideoloji sistemin onurğa sütununu Heydər Əliyevə məxsus olan dövlətçilik baxışları və onlara əsaslanan dövlət quruculuğu konsepsiyası təşkil edir. Heydər Əliyevin dövlətçilik baxışları sistemi kompleks xarakter daşımaqla mahiyyətcə müasir Azərbaycanın məfkurə əsası rolunda çıxış edir. Bu tezisə şamil edilən məna tutumunun əsas qayəsi əslində haqqında bəhs edilən baxışlar sisteminin Azərbaycanın inkişaf yolunu müəyyənləşdirməsindədir. Elmi və siyasi ədəbiyyatda artıq dövriyyəyə daxil edilmiş "Heydər Əliyev yolu” anlayışı məhz həmin məna çalarına sahibdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyevin fəaliyyətinə ciddi dəyərlər sisteminə əsaslanmaq kimi keyfiyyət xas olmuşdur. Bu onun göstəricisidir ki, Azərbaycan tarixinin həmin dövrü müasir Azərbaycanın quruculuğunun ciddi konseptual bazaya söykənərək həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Mövcüd rəhbərlik stili və təcrübəsinin əhatəli təhlili və dəyərləndirilməsi indinin özündə də Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və ölkənin inkişafının konseptual əsasını təşkil edən baxışlar sisteminin və dəyərlər məcmusunun fəaliyyətdə olması qənaətinə gəlməyə tam əsas verir. Sözügedən baxışlar və dəyərlər 231 toplusunun məzmunu və təyinatı isə fikrimizcə, müasir Azərbaycanın inkişaf yolunu müəyyən etmək, onun həyata keçirilməsi amillərini, şərtlərini və resurslarını dəqiqləşdirərək sistemə salmaqdır. Heydər Əliyevin tarixi xidmətlərinin yalnız müasir Azərbaycanın qurucusu olması ilə məhdudlaşdığını düşünmək bu dahi şəxsiyyətin miqyaslarını düzgün qiymətləndirməmək nümunəsi olardı. Azərbaycan xalqının ümummilli liderinin, sözün həqiqi mənasında, dünya miqyası çağdaş tarixin mübahisəsiz qəbul edilən gerçəkliyidir. Heydər Əliyevin keçmiş sovetlər birliyinin rəhbərliyində təmsil olunaraq dünya miqyaslı proseslərin axarına nüfuz etməsi onun tarixi rolunun geniş parametrlərə malik olduğunu təsdiqləyən faktlardan biridir. Lakin hesab edirəm ki, Heydər Əliyevin beynəlxalq və regional proseslərə yaxından təsiri, bununla da bəşəriyyətin müasir tarixinə öz möhürünü vurması XX əsrin 90-cı illərinə, müstəqil Azərbaycanın Prezidenti vəzifəsini həyata keçirdiyi dövrə təsadüf edir. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və titanik səyləri sayəsində ölkəmizdə müasir cəmiyyətin formalaşması, sabit, demokratik, hüquqi dövlətin qurulması Azərbaycanın həm bütün dünyada, xüsusilə də regionda mövqelərinin möhkəmləndirilməsinə gətirib çıxardı. Belə ki, böyük insan faciəsinə, dağıntılara və qeyri-sabitliyə səbəb olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini nizama salmaq imkanlarını genişləndirmək məqsədilə atəşkəs haqqında sazişin imzalanması regionda sülh və sabitlik üçün ilkin fundament yaratmış oldu. Cənubi Qafqaz dövlətləri və bu regiona yaxın olan dövlətlərin qarşılıqlı münasibətlərində prinsipcə yeni mərhələ başladı. Heydər Əliyevin səyləri sayəsində Cənubi Qafqaz beynəlxalq təhlükəsizlik sisteminin mühüm məntəqəsinə çevrildi. Azərbaycanın ümummilli liderinin şəxsi nüfuzu və xidmətləri nəticəsində irimiqyaslı beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi dünyanın iri dövlətlərinin diqqətini Cənubi Qafqaza yönəltməklə onların maraqlarını balanslaşdıra bildi. Bununla da regionda sülh və təhlükəsizliyin etibarlı təməli qoyuldu. Azərbaycanın bəşəri bəlaya çevrilmiş terrorizmə qarşı koalisiyada iştirakı, insanlığa qarşı çevrilmiş hədələrin dəf edilməsində beynəlxalq qüvvələrlə həmrəyliyi və xarici siyasət konsepsiyasının digər fundamental əhəmiyyət daşıyan müddəalarından irəli gələn praktik addımları Heydər Əliyevin müasir beynəlxalq həyatda güclü mövqeyi ilə seçilən dövlət rəhbəri olduğuna dəlalət edir. Qeyd edildiyi kimi, böyük tarixi şəxsiyyətlərin rolu və həyata keçirdiyi missiya adətən xronoloji çərçivəyə sığmır. Onlar tarixin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir və öz ideyaları ilə ona əhəmiyyətli, həlledici təsir göstərir. Azərbaycanın müasir tarixini, müasir Azərbaycanı yaradan Heydər Əliyev artıq həyatda yoxdur. Lakin onun ideyaları, əməlləri yaşayır və bununla da Azərbaycanın inkişafına, ölkədə ictimai-siyasi həyatın bütün sahələrinə həlledici təsirini göstərir. Ümummilli liderin əsasını qoyduğu, qurduğu müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin tarixinin yeni-yeni səhifələri yazılır. Bu tarixin müəllifi də, heç şübhəsiz, Heydər Əliyevdir. Heydər Əliyevin formalaşdırdığı müasir Azərbaycan bu gün yaşayır, təkmilləşir və bununla da ümummilli liderin ideyalarının həmişəyaşarlığının təzahürü kimi çıxış edir. Ölkəmizin çağdaş tarixinə çevrilmiş siyasi xətt, onun əsasını təşkil edən prinsiplər ardıcıl surətdə həyata keçirilməkdədir. Heydər Əliyev tərəfindən əsası qoyulan islahatlar, neft strategiyası, balanslaşdırılmış xarici siyasət konsepsiyası, ölkənin iqtisadi potensialı ilə yanaşı, xalqın zəngin milli-mənəvi dəyərlərinin qorunub saxlanması və daha da gücləndirilməsi xətti davam etdirilir. Tariximizin Heydər Əliyev mərhələsinin bu gün də davam etməsinin digər bir göstəricisi ümummilli liderin ideya və baxışlarının ümummilli məfkurə olaraq ictimai düşüncədə dərin kök salmasıdır. Müstəqil dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik və s. kimi ideya prinsipləri cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz tərkib hissəsinə çevrilərək müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edir. Azərbaycanın son 30 illik tarixində uğur faktoru kimi özünü təsdiqləmiş Heydər Əliyev yolu onun ardıcılları və xalqı tərəfindən uca tutulur. Dönmədən həyata keçirilən bu yolun bundan sonra da tariximizin Heydər Əliyev mərhələsinin davamlılığını təmin edəcəyi şəksizdir. Nəhayət, Heydər Əliyev siyasətinin və ideyalarının dönmədən həyata keçirilməsi zərurətinin ictimai tələbatdan doğduğu 2003 və 2008-ci illərin prezident seçkilərinin nəticələrində özünün təsdiqini tapdı. Heydər Əliyevin siyasi varisi İlham Əliyevə ümumxalq sevgisi ölkə əhalisinin Heydər Əliyev siyasətinin dönməzliyinə xalqın özünün zamin durduğunu ifadə edir. Qeyd olunmalıdır ki, ölkə Prezidenti İlham Əliyevin Heydər Əliyev siyasətinə alternativ olmadığını daim qeyd etməsi və onu ardıcıl surətdə həyata keçirmək əzmində olduğunu qətiyyətlə bəyan etməsi də müasir Azərbaycan cəmiyyətinin təməl prinsiplərinin Heydər Əliyev ideyalarına əsaslandığını təsdiqləyən ciddi amillərdəndir. Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolu, ümumiyyətlə, onun tarixi missiyası haqqında düşüncələri ümumiləşdirərək vurğulamağı zəruri hesab edirik ki, müasir, yeni Azərbaycanın qurulması və 232 inkişafı onun nəzəri, konseptual əsasını təşkil edən Heydər Əliyev ideyalarının həyatın tələbatından qaynaqlanaraq xalqın istək və arzularına cavab verməsi ilə əlaqədar olduğu kimi, həm də daha çox şəxsiyyət amili ilə əlaqədardır. Bu tezis Azərbaycan cəmiyyətinin mövcud durumunun ortaya qoyduğu ən mühüm həqiqətlərdən biri kimi ictimai düşüncəyə artıq qəti həkk olunub. Son onilliklər ərzində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində tarixi həqiqətə çevrilə bilib. Tarixi şəxsiyyətin rolu təkcə xalqın, millətin istək və arzusunu daha tam və dolğun ifadə etməsində deyil. Doğrudur, şəxsiyyətin tarixi miqyaslarını təyin edən parametrlər içərisində bu keyfiyyət az əhəmiyyət daşımır. Lakin ümummilli lider missiyasını öz üzərinə götürmüş şəxsiyyətin fəaliyyət və xidmətlərinin miqyasları daha çox qarşıya qoyulmuş məqsədlərə nail olmaq, xalqın istək və arzularını həyata keçirmək, bununla da tarixin yeni səhifəsini yazmaq bacarığı ilə ölçülür. Bu mənada, Heydər Əliyevin liderlik missiyası sözügedən parametrlərin hər ikisinə uyğun gəlir və beləliklə də onun şəxsiyyətinin həm bütövlüyünü, həm də nəhəngliyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın ideya əsaslarının yaradılmasında və həmin ideyaların uğurla həyata keçirilməsi işində öz üzərinə götürdüyü tarixi missiya təkcə bugünkü həyatımızın gerçəkliyini təşkil edən nailiyyətlərlə tamamlanmır. Əldə olunanların möhtəşəmliyini etiraf və bütün bunların artıq xalqımızın milli sərvətinə çevrildiyini qeyd edərək onu da xüsusi vurğulamağı lazım bilirik ki, Heydər Əliyevin tarixi missiyasının mahiyyəti daha çox gələcək perspektivlər və inkişaf meyllərində ifadə olunur. Tarixin onun üzərinə qoyduğu şərəfli missiyanı bütün məsuliyyəti ilə qəbul edən Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayında demişdir: "Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də yaşaması bizim üzərimizə, mənim üzərimə düşən əsas vəzifədir”. Heç kim şübhə etmir ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu uzun illər Azərbaycanın tərəqqisi və yüksəlişinin ana xətti olaraq ölkənin firavan gələcəyinə xidmət edəcək. Heydər Əliyev ideyaları və xalqın bu ideyalara hədsiz inamı isə onun yaratdığı müstəqil Azərbaycan dövlətinin yeni-yeni şərəf salnaməsinin yaradılmasının etibarlı təminatı missiyasını yerinə yetirəcəkdir.


Esmira Qocayeva

Bakı şəhəri Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin derektoru