Müdafiə naziri Belarusa səfər edəcək

Sentyabrın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

Müdafiə Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin yaxın vaxtlarda Azərbaycan müdafiə nazirinin Belarusa planlaşdırılan səfərinin detallarını və keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələləri də müzakirə ediblər.