Müsavatda yenidən narazılıqlar başladı

"Müsavat Partiyasının Məclisinin qəbul etdiyi qərar Nizamnamə pozuntusudur. Partiyada ilk təşkilatın deputatlığa namizədliyini verdiyi şəxsin təzədən başqanın adına ərizə yazıb, öhdəlik götürməsi görünməmiş prosedurdur. Bunu yuxarı təşkilatların ilk təşkilatların qərarlarını saymaması kimi qiymətləndirirəm”.

Sabahinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Məlahət Mürşüdlü deyib.

M. Mürşüdlü bildirib ki, Müsavatın üzvü olmayan şəxs parlament seçkilərindəMüsavat Partiyasını təmsil etmək istəyirsə, bu halda öhdəlik götürməsi, ərizə ilə müraciət etməsi, yaxud partiya üzvü fərd olaraq namizədliyini irəli sürürsə, bu halda ərizə ilə müraciət etməsi məntiqlidir. Ancaq M. Mürşüdlü deputatlığa namizədliyi Müsavat Partiyası Qadınlar Birliyi tərəfindən irəli sürülən Ellada Məmmədli, deputatlığa namizədliyi partiyanın Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülən sabiq Məclis üzvü, ADR sədrinin birinci müavini Vurğun Əyyubun partiya başqanına ərizə ilə müraciət etmələri, öhdəlik götürmələrini məntiqsiz sayır: "Məclisin partiya üzvləri ilə bağlı bu qərarını partiyanın ilk təşkilatın verdiyi qərara sayğısızlıq kimi qiymətləndirirəm”.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.