Nazir: Ali məktəblərdə hazırlıq siniflərinin yaradılmasını Nazirlər Kabineti təsdiqləməlidir

Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək.

Bunu təhsil naziri Mikayıl Cabbarov oktyabrın 6-da jurnalistlərə açıqlamasında deyib.

Ali məktəblərdə hazırlıq siniflərinin təşkili ilə bağlı məsələyə aydınlıq gətirən nazir bildirib: "Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq”.

M.Cabbarov qeyd edib ki, hansı universitetlərdə hansı ixtisaslar üzrə hazırlıq siniflərinin olacağına dair qərarlar növbəti mərhələlərdə veriləcək. Hazırda müvafiq ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək.


Nazir deyib ki, Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur. 2017/2018-ci tədris ilində rekord sayda abituriyent tələbə adını qazanıb.

"Xüsusi olaraq vurğulamaq istərdim ki, bu, orta qəbul balının artması ilə bərabər olub. Yəni tələbə sayının artmasına ali məktəblərə qəbul meyarların aşağı salınması deyil, keyfiyyət meyarının qorunub saxlanılması səbəb olub. Bu da onu göstərir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”, - deyə nazir bildirib.