Odlar Yurdu Universitetində təlim

Odlar Yurdu Universitetində "Tədrisin perspektivində yeni yanaşmalar və layihələr” proqramı çərçivəsində təlim keçirilib. Təlimdə millət vəkilləri, Litsey diretorları, və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak edib.  
Təlimi açıq elan edən Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev Azərbaycanda həyata keçirilən təhsil siyasətindən danışıb. Qeyd edib ki, neft kapitalının insan kapitalı ilə əvəz olunması Azərbaycan hökumətinin prioritet elan etdiyi sahələrdən biridir. Bu yöndə davamlı addımlar atıldığını diqqətə çatdıran Ə.Vəliyev bildirib ki, bütün bunlar ölkə vətəndaşlarının təhsil hüququndan səmərəli yararlanmasına köklənib.
Tədbirdə çıxış edən millət vəkili Sona Əliyeva qeyd edib ki, təhsil hər bir millətin davamlı inkişafında ön sırada dayanır. Məhz bu səbəbdən Azərbaycanda təhsilin inkişafı, bu sahədə beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı müntəzəm addımlar atılır. O, Milli Məclis tərəfindən son zamanlar təhsillə bağlı bir sıra mühüm qərarların qəbul olunduğunu da qeyd etdi. 
" Ümumtəhsil məktəblərində idarəetmənin optimallaşdırılması mexanizmləri, yeni trendlər ”  mövzusunda çıxış edən millət vəkili Dilarə Cəbrayılova isə bir sıra məqamlara toxunub. Bildirib ki, təhsil ocaqlarında ictimayyətlə əlaqələrin daha yüksək səviyyədə qurulması vacib şərtlərdən biridir. Bunun üçün məktəb rəhbərliyi demokratik üslubdan istifadə etməlidir. Bu üslubun özəlliyi isə ondan ibarətdir ki, məktəb rəhbərliyi ictimai sektor ilə məktəb müəllimləri arasında əlaqələndirici rol oynayır. Nəticədə belə bir əməkdaşlıq məktəbin fəaliyyətinə də öz təsirini göstərir.  
D.Cəbrayılova məktəbdə fəaliyyət proqramının hazırlanması məsələsinə də toxunub. Bildirib ki, bu proqramın hazırlanması yüksək ixtisaslı müəllimlər tərəfindən həyata keçirilməlidir və bütün incə məqamlar nəzərə alınmalıdır. 
Xanım millət vəkili onu da bildirib ki, məktəb direktorlarının əsas diqqət yetirəcəyi məsələlər valideynlərin və ictimayyətin məktəblə əlaqələrini möhkəmləndirmək, müəllimlərin bilik və bacarıqlarını daim təkmilləşdirməkdən ibarətdir. 
Onun sözlərinə görə, direktorların məktəbdə dərs deməsi, məktəbdə bir çox məsələlərin həlli üçün bir stimul, vasitə olur. Ən azından dərsdinləmələr kimi, vacib işin haqq ədalət görüntüsünə zəmin yaradır. İdarəetmədə kollegalıq prinsipinin gözlənilməsində hər bir rəhbər maraqlı olmalıdır. 
D.Cəbrayılova çıxışının sonunda onu da bildirib ki,  gənc nəsilin tərbiyyə olunması strateji məsələ olduğu üçün hər bir pedaqoq öz işinə  ciddi yanaşmalıdır. 
Sonda təhsildə idarəetmə sahəsində Böyük Britaniya təcrübəsinin tətbiqi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.