Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazılması qürurvericidir

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Son üç ildən artıq dövrdə bu istiqamətdə görülən işlərə, soydaşlarımızın qayıdış ünvanlarına diqqət yetirsək Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu görərik. Hər bir sahədə ilklərə imza atan Azərbaycan azad edilmiş torpaqlarda gördüyü işləri, təkmil dirçəliş modeli ilə də dünyanın diqqətindədir. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq mümkün olmasa da Azərbaycan bu sahədə də ilkə imza atdı. Ötən bu dövrdə görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Öncə bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, şanlı Qələbəmizdən sonra tariximizin Zəfər səhifələri davamlılığı ilə diqqətdədir. Ötən ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabr ayının 15-də, Prezidentlik dövrünün 20 illiyində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltdı. Bu qürurverici hadisəni də xüsusi qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev doğum günlərini, bayramlarımızı, tarixi günləri işğaldan azad edilmiş ərazilərdə qeyd edir, burada ictimaiyyət nümayəndələri və ilk köç edən sakinlərlə görüşür, Zəfərimizin sevincini paylaşır. 28 May-Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarına səfər etdilər. Soydaşlarımızın qayıtdıqları ünvanlar sırasına Xocalı şəhəri də daxil oldu.  Dövlət başçısı İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə dövlət başçısı İlham Əliyev Laçın şəhərində laçınlılara evlərin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Onlar da məhz həmin  gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il isə Müstəqillik Günündə xocalılılar qayıtdılar. Azərbaycan Bayrağının Xocalıda ucaldılmasından ötən 8 ayda görülən işləri xocalılar möcüzə kimi dəyərləndirdilər. Digər işgaldan azad edilən ərazilərimiz kimi, Xocalı da yenidən qurulur, gözəlləşir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması tariximizin Zəfər səhifələri kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək: “Xocalı sakinləri ilə görüşündə də Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünə yönəldərək bildirdi ki, ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Müzəffər Ali Baş Komandan bu çağırışı etdi ki, biz hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.”

Malik Həsənov Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazılmasından böyük qürur hissi ilə bəhs edərək onu da qeyd edib ki, dövlət başçısı İlham Əliyev hər bir çıxışında, görüşlərində xalqımıza müjdələr çatdırır, gələcəklə bağlı müəyyənləşdirilən hədəflərdən bəhs edir: “Bu baxımdan cənab İlham Əliyevin Xocalı sakinləri ilə görüşü də diqqətdə oldu. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinə ilk köçün vaxtını açıqladı. Bu müjdəni çatdırdı ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.”

Millət vəkili vurğulayıb ki, hər bir hədəfin zamanında reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir: “İşğal dövründə Müzəffər Ali Baş Komandan xocalılarla görüşündə bildirirdi ki, gün gələcək Xocalıda görüşəcəyik. İkinci Qarabağ müharibəsi başa çatanda xocalılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.”

Malik Həsənov diqqəti bu il dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümündə Xocalıya səfərinə, ictimaiyyət nümayəndələri ilə görüşünə və Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulmasına yönəldərək bildirib ki, sakinlərlə görüşündə ölkə Prezidenti bu mühüm addımın əhəmiyyətini açıqladı: “Bütün dünya  erməni vəhşiliyini görəcək. Bu, həqiqətdir və bunu hər kəs bilməlidir: “Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.”

“Soydaşlarımızın qayıdış ünvanlarının sayının artması hər birimizi sevindirir, qürurlandırır. Doğma yurd-yuvasına qayıdan soydaşlarımız bu fikri dönə-dönə qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti sayəsində yenilməz, məğrur xalq olduğumuzu dünyaya nümayiş etdirdik. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qeyd edək ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı əsas hədəflər sırasındadır. Bu il Xankəndi ilə yanaşı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə də qayıdış nəzərdə tutulub. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur”,- deyə millət vəkili vurğulayıb.