Putinin Bakı səfəri - Azərbaycan Rusiyadan Su-30SM qırıcıları ala bilər

Rusiya prezidenti Vladimir Putinin Bakıya bugünkü səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair yeni anlaşmaların əldə edilməsi mümkündür.

sabahinfo.az  vitualaz.org-a istinadən bildirir ki, rusiyalı ekspertlərə görə Azərbaycan Rusiya hərbi-sənaye kompleksinin aparıcı müştərilərindən biri olaraq qalır və iqtisadi çətinliklərə baxmayaraq onun alıcılıq qabiliyyəti yüksəkdir.

Moskvadakı strategiyalar və texnologiyalar analizi Mərkəzinin direktor müavini Konstantin Makienko"Moskva-Baku" portalına açıqlamasında deyib ki, neftin ucuzlaşması və gəlirlərin aşağı düşməsi səbəbindən Azərbaycan Rusiyadan əvvəlki həcmlərdə silah almayacaq. Lakin mümkündür ki, artıq alınan silahlardan-reaktiv artilleriya sistemlərindən, tanklardan, vertolyotlardan yeni partiyaları sifariş verilsin.

"Silah ixracı" jurnalının baş redaktoru Andrey Frolov da təsdiq edir ki, iqtisadi çətinliklərə baxmayaraq Bakı silah almağa bir neçə yüz milyon dollar xərcləmək imkanındadır. "Ola bilsin Azərbaycan tərəfi Rusiyadan öz ordusu üçün döyüş sursatları almaq istəyir. Biz apel döyüşlərində nə qədər döyüş sursatı sərf olunduğunu bilmirik. Yəni sərf olunanların yerini doldurmaq lazımdır. Bu birincisi. İkincisi, hesab edirəm ki, onlar dəqiq silahlar almağa cəhd edəcəklər. Əsasən hədəfə özü yönələn döyüş sursatları, "hava-yer" raketləri. "İsgəndər" raketlərindən söhbət getmir,  Rusiya bu raketləri hələ satmaz. Amma "Krasnopol" kimi idarəolunan mərmilər ola bilər", - Frolov deyib.

Ekspert istisna etmir ki, Bakı Rusiyadan müasir aviasiya texnikası da almaq istəyir. Çünki Azərbaycanın arsenalında ancaq sovet istehsalı olan təyyarələr var. "Ona görə də onlar məsələn, SU-30SM qırıcılarını xahiş edə bilər. Hansı ki, artıq Qazaxıstan alıb, Belarus da almaq istəyir. Fikrimcə, Azərbaycan da özünə bu cür maşını rəva biləcək", - Frolov bildirib.