QHT erməni plagiatlığına qarşı

"Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi "Xarici musiqi yarışmalarında, elektron KİV-lərdə "anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahıya alınması, milli musiqimizin oğurlanması, özgələşdirilməsinə qarşı elektron mübarizə” adlı layihənin icrasına başlayıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Layihə çərçivəsində indiyə qədər Rusiya, Türkiyə elektron KİV-ində, mahnı müsabiqələrində "anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahısı tutularaq, ilkin versiyası ilə özününküləşdirilmiş verisya arasında müqayisəli video təhlili veriləcək. Sonradan bu video kliplər sosial şəbəkələrdə, youtube video kanlından "before- after” texnikası ilə paylaşılacaq və Türkiyə KİV-ində məsələnin həlli üçün məsələ qaldırılacaq. İctimai Birliyin sədri İradə Poladova saytımıza verdiyi açıqlamada layihənin məqsədini belə şərh etdi: "Uzun müddətdir ki, ermənilər Azərbaycan xalqının musiqi incilərindən, folklorundan və klassik bəstəkarların əsərlərindən plagiatlıq edərək, öz adlarına çıxırlar. Azərbaycan xalqının mədəni sərvəti hesab edilən «Vağzalı», «Yallı», «Üzundərə», «Mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «Sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, «Əsli və Kərəm», «Məlikməmməd» və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» operettalarının, «Koroğlu» operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə çalışıblar. Həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev internet səhifələrində erməni bəstəkarı kimi təqdim olunur.

Çox təəssüf ki, Azərbaycan musiqi nümunələrinin ermənilər tərəfindən oğurlanması digər qonşu xalqlar, habelə qardaş Türkiyə musiqiçiləri tərəfindən də təkrarlanıb. Bu ölkədə keçirilən bir çox musiqi yarışmalarında, habelə elektron KİV-də yayımlanan musiqi verilişlərində Azərbaycan musiqiləri "anonim müəllif” adı ilə təqdim olunub. Hətta Türkiyədə Azərbaycan musiqisinin erməni musiqisi kimi tədim edilməsinə də rast gəlinir. Oxşar hadisələr Rusiya TV kanallarında, musiqi yarışmalarında da təkrarlanır. Dünya şöhrətli azərbaycanlı müğənni, xalq artisti Zeynəb Xanlarovanın oxuduğu əksər mahnılar mənimsənilərək, erməni musiqisi kimi təqdim edilir. Müvafiq qanun pozuntuları ilə bağlı dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edilsə də, nəticə ürəkaçan deyil.

Bu səbəbdən təklif edirik ki, oğurlanmış və ya adı dəyişdirilərək başqa formada təqdim olunan Azərbaycan musiqi nümunələrinin siyahıya alaq, onların ilk səslənmə video və ya audio yazısı ilə dəyişdirilmiş formasının müqayisəli video təhlilini verək. Türkiyədə oğurlanmış musiqilərmizin tarixni əks etdirən, ermənilərin Qarabağda Azərbaycan musiqi mədəniyyətinin tarixni əks etdirən tarixi sənət nümunələrini necə məhv etdiyini göstərməyə çalışaq. Türkiyə KİV-inə müraciət edərək, problemin həllinə onları da qoşmaq planlaşdırılır”.