Sabiq DİN nazirinə yüksək vəzifə veriləcəyi gözlənilir - GENERAL ƏHMƏDOV BAKIDADIR

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Bakıdadır və ona DİN sistemində yüksək vəzifə veriləcəyi gözlənilir.

Sabahinfo.az xəbər verir ki, bu barədə "AzPolitika.info”-ya eyni zamanda bir neçə mənbədən məlumat daxil olub.

Xatırladaq ki, Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə daxili işlər naziri vəzifəsindən azad edilmişdi. 50 yaşlı Əhmədovun "vurulmasının” səbəbləri haqda müxtəlif iddialar irəli sürülmüşdü. Onun Naxçıvanı tərk etməsinə də qeyri-rəsmi qadağanın qoyulduğu bildirilirdi.

Ə.Əhmədovun yenidən DİN sistemində yüksək vəzifəyə təyin olunacağı gözləntiləri onun bəraət almasından xəbər verə bilər.