Samir Şərifovdan Fonda ayrılacaq kreditlər ilə bağlı yekun qərar

Bu gün Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.

Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq, Maliyyə Nazirliyinə təqdim olunub.

Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC "Bank Standad” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.