Türkiyə və Rusiyanı ortaq dərd də birləşdirir...

Türkiyə və Rusiyanı ortaq dərd də birləşdirir. İkitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələr olan "Türk axını" və Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzinin inşasına başlaması amilləri öz yerində, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var. Belə ki, həm Ukrayna hadisələrinə görə Rusiyanın, həm də Fətullah Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə Türkiyənin ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə və Rusiya zorən tərəfdaşa çevrilirlər.

sabahinfo.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlubildirib.

Ekspertin fikrincə, bu iki dövlət arasında yeganə düyün nöqtəsi Suriyadır: "Ancaq məncə, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan keçmiş illərdə olduğu kimi Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə daha ittiham etməyəcək. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmazdan bir gün öncə İTAR-TASS agentliyinə müsahibəsində deyib ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Yəni gözümüzün qarşısında Ərdoğanın ritorikası dəyişir".