Türkiyənin Tarsus
şəhərində Heydər Əliyev Parkının və Ümummilli Liderin burada ucaldılan
abidəsinin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
Sabahinfo.az-ın
AZƏRTAC-a istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov,
ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli
Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun
Amaşov, YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov
iştirak ediblər.
Mərasimdə
Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər
bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri
Şövkət Can və digər tanınmış şəxslər də iştirak ediblər.
Bundan
başqa, Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV
təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin
görkəmli nümayəndələri mərasimə qatılıblar.
Əvvəlcə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə
Respublikasının banısı Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik
sükutla yad olundu, dövlət himnlərimiz səsləndirildi.
Məlumat
verildi ki, Bakının Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci
ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və ulu
öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci
il martın 16-20-də Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin
adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə
heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da
möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək qardaş
Türkiyədən böyük nümayəndə heyəti Bakı şəhərində, eləcə də Xətai
rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində
ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında
yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və
burada Ulu Öndərin abidəsinin ucaldılması qərara alınıb.
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mersin
Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus
bələdiyyəsinin sədri Şevkət Can mərasimdə çıxış edərək ümummilli lider
Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı
əvəzsiz xidmətlərindən, Azərbaycan ilə Türkiyə arasında daim inkişaf
edən münasibətlərdən, region ölkələrinin kompleks inkişafına hesablanmış
strategiyanın tarixi əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki,
Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə
xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq
üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə
aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyani Mustafa Kamal
Atatürk, ötən əsrin sonlarından başlayaraq isə Heydər Əliyev uğurla
həyata keçiriblər. Heydər Əliyev böyük bir uzaqgörənliklə Azərbaycanın
karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə doğru nəqlini təmin
etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji
təhlükəsizliyi məsələsində Türkiyənin qüdrətini durmadan yüksəldən yeni
bir güc mərkəzi yaradıb. Odur ki, qardaş ölkədə Ulu Öndərin adının
əbədiləşdirilməsi istiqamətində daha bir addımın atılması Heydər
Əliyevin tarixi missiyası qarşısında mənəvi borcumuzdur.
Çıxışlarda
əminliklə qeyd olunub ki, Heydər Əliyevin xatirəsinə göstərilən bu
ehtiram onun şəxsiyyətinin ucalığının timsalında Tarsus şəhərinin
sürətli inkişafına özünəməxsus təsir göstərəcək. Ulu Öndərin adını
daşıyan parka gələn hər bir şəxs Azərbaycanı daha böyük hörmət və
ehtiramla yad edəcək. Tədbirdə, həmçinin ümummilli lider Heydər Əliyevin
müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticələrindən, o cümlədən artıq bəhrə verən
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin və reallaşmaqda
olan TANAP, TAP, Bakı-Tbilisi–Qars və Avrasiya Böyük İnformasiya Yolu
layihələrinin əhəmiyyətindən danışılıb.
Rəsmi mərasimdən sonra ulu öndər Heydər Əliyevin abidəsi üzərindəki örtük götürülüb. Abidənin önünə tər çiçəklər düzülüb.
Sonra Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər Heydər Əliyev Parkında ağac əkiblər.
Səfər
çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana Böyükşəhər
bələdiyyəsinin sədi Hüseyn Sözlü, Mersin vilayətinin valisi Özdemir
Çabaçak və Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamazla
ayrı-ayrılıqda görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərin
davamlı inkişafının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov deputat, yazıçı Hüseynbala Mirələmovun həmmüəllifi olduğu, Ulu
Öndərin mənalı həyat yolu, zəngin fəaliyyətinə həsr edilən "Görkəmli
insanların həyatı” silsiləsindən "Heydər Əliyev” kitabını Türkiyə
rəsmilərinə hədiyyə edib. Bu kitab Heydər Əliyev Parkının açılış
mərasiminin iştirakçılarına da paylanıb.
Açılışdan
sonra Xətai Rayon İcra Hakimiyyətinin, "Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın
tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı olub.
Konsert Mersinin yerli telekanalı olan "Kanal 33” tərəfindən canlı yayımlanıb.