Bu çıxış ürəklərdə də qalacaq, tarix kimi tarixdə də

Vətən müharibəsində qazanılan Zəfər “Mən azərbaycanlıyam!” deyənlərin də, “Can Azərbaycan!” deyənlərin də ortaq qüruru kimi yaşanıldı. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkədə çox geniş miqyasda quruculuq işləri başlandı. Bunlardan biri də Füzulidə hava limanının inşası oldu. İşğaldan azad edilmiş ərazidə hava limanı yaratmaq dünya ictimaiyyətinə azərbaycançılığın mahiyyətini, niyyətlərini, sabahlarını anlatdı. Füzuli hava limanının açılşında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycana dost ölkələri qürurlandırdı, Azərbaycanı sevməyənlərə bir gerçəkliyi – bir atalar sözünü anlatdı: “Döymə taxta qapımı, döyərəm dəmir qapını”...
Türkiyənin uğurlarını öz uğurlarımız kimi yaşayırıq...
Türkiyədə Rizə – Artvin hava limanının açılışı da Azərbaycanda belə bir könül xoşluğu ilə qarşılandı. Hava limanının açılşında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı, nitqi Türkiyədə də, Azərbaycanda da böyük ehtiramlarla qarşılandı. Azərbaycan Prezidentinin dedikləri ürəklərdə də qalacaq, tarix kimi tarixin yaddaşında da: “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik...”.
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı