Bu əməliyyat Azərbaycan Ordusunun qisasının carçısı olacaq

2020-ci il noyabrın 10-da qalib Azərbaycanla məğlub Ermənistan arasında Rusiyanın iştirakı ilə üçtərəfli saziş imzalandı. Bu, müharibənin başa çatması sənədi idi. Azərbaycan sənəddə göstərilən bütün müddəalara əməl edirdi, Ermənistan bu və ya digər bəhanələrlə imzaladığı sənədin tələblərini yerinə yetirmirdi, indi də yerinə yetirmir. Ordu hissələrini Ağdamdan, Kəlbəcərdən və Laçından döyüşsüz çıxartsa da separatçı qüvvələrin təhriki ilə Kəlbəcər və Laçında silahlı insidentlər törətməkdə davam edir. 
Azərbaycan dəfələrlə Ermənistana sənədin tələblərinə əməl etmək barədə xəbərdarlıq etsə də məğlub Ermənistan işğalçılıq niyyətlərindən əl çəkmək istəməyib. 
 Avqustun 3-də Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı törətdiyi terror-təxribat nəticəsində əsgər Anar Kazımov şəhid olub. Bu, Ermənistanın üçtərəfli bəyanata əməl etmədiyinin təsdiqidir. Erməni silahlı birləşmələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmə cəhdinin qarşısı alıınıb, bununla da ermənilər orda mövqe qura bilməyiblər, heç zaman da qura bilməyəcəklər. 
“Qisas” cavab əməliyyatı zamanı erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə hava zərbələriylə  erməni silahlılarının xeyli canlı qüvvəsi, bir neçə artilleriya qurğusu, hərbi nəqliyyat vasitəsi və çoxlu sayda döyüş sursatı məhv edilib.
Azərbaycan Ordusunun apardığı “Qisas” cavab əməliyyatı işğalçılığa birdəfəlik son qoymağa yönəlmiş əməliyyatıdır. Qisas məfhumu Azərbaycan ictimaiyyətinin heysiyyətini ifadə edir. İctimaiyyət bu əməliyyatı istər Birinci, istərsə də İkinci Qarabağ  müharibəsində törədilənlərin qisası bilir. Vətən müharibəsində qazanılan Zəfər  işğalçıdan alınan böyük qisas idi, bu əməliyyat həmin prosesi milli-xəlqi ruhun tələbləri səviyyəsində tamamlayacaq. “Qisas” cavab əməliyyatının son güllələrinin atılacağına az qalıb. O güllələr Azərbaycan Ordusunun qisasının carçısı olacaq.
Səbinə Xasayeva
Milli Məclisin deputatı