"Bu, Ermənistanla nizamlanma prosesinə xələl gətirəcək" -Hakan Fidan

Azərbaycan və Ermənistan arasında 2-ci Qarabağ müharibəsindən sonra sülhün bərqərar olması üçün tarixi imkan daha da möhkəmlənib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan 2024-cü ilin büdcə müzakirələri zamanı bildirib. 

Nazir deyib ki, Türkiyə sülh sazişinin daha tez imzalanmasını istəyir: "Biz iki ölkə arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımları məmnunluqla qəbul edirik və sülh sazişinin bir an əvvəl imzalanmasını istəyirik. Biz qardaş Azərbaycanla müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimizi bütün sahələrdə inkişaf etdiririk". 

Fidanın sözlərinə görə, Ermənistanla başlayan nizamlanma prosesi Azərbaycanla birlikdə regional prosesləri diqqət mərkəzində saxlayaraq irəliyə doğru aparılacaq: "Bəzi üçüncü dövlətlər tərəfindən 1915-ci il hadisələri ilə bağlı əsassız iddiaların yenidən alovlanması və gündəmə gətirilməsi nizamlanma prosesinə xələl gətirəcək. Bu ölkələr Ermənistana heç bir xeyirxahlıq etmirlər".