Bu müsabiqə Azərbaycanda QHT sektorunun inkişafına mühüm töhfə verəcək

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının əsas ümid yeri olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü il üçün Kiçik, Orta və Böyük Qrant Müsabiqələrinin nəticələrini açıqladı. Müsabiqəyə qatılan QHT-lərin böyük əksəriyyətinin adı qaliblər siyahısında idi. Siyahıda QHT-lər, onların layihələrinin adları və qrantın məbləği göstərilib. Etiraf edək ki, Agentlik QHT-lərin layihələrini qiymətləndirərkən kifayət qədər yumuşaq davranıb, güzəştlər edib. Təbii ki, təqdim olunan layihələrin uğuru onların necə icra olunacağından daha çox asılıdır. Amma görünən odur ki, Agentlik heç bir QHT-ni incik salmaq, kənarda saxlamaq istəməyib. Məlumat üçün bildirək ki, bu qrant müsabiqəsində iştirak üçün Agentliyə ümumilikdə 779 təşkilatdan müraciət daxil olub. Onlardan 737 təşkilatın layihəsi müsabiqəyə buraxılıb. 413 QHT-nin layihəsi müsabiqədə qalib elan olunub. İnamla demək olar ki, bu müsabiqə Azərbaycanda QHT sektorunun inkişafına mühüm töhfə verəcək

Mən ilk növbədə qalib QHT-lərin kollektivlərini təbrik edirəm, uğurlar arzulayıram. Hesab edirəm ki, icra ediləcək layihələr cəmiyyətimiz üçün faydalı olacaq, vətəndaşlarımız ondan yararlanacaqlar.

Onu da qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni Qaydalar əsasında keçirilən Kiçik, Orta və Böyük Qrant Müsabiqəsi ədalətli və şəffaf keçirilib. İlk dəfədir ki, Orta və Böyük Qrant Müsabiqəsinə müraciət edən QHT-lər layihə təkliflərində Maliyyə əsaslandırması sənədi və Məntiqi Cədvəl hazırladılar. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş yeni Qaydalara uyğun olaraq QHT-lərə müsabiqədə iştirak üçün iki ay vaxt verilmişdi, həmçinin 3 gün müddətində çatışmazlıqları aradan qaldırmaq imkanı yaradılmışdı. QHT-lər eyni vaxtda Kiçik, Orta və Böyük Qrant Müsabiqəsinə müraciət edə bilərdilər. Layihələrin daha keyfiyyətli hazırlanması üçün öncədən QHT-lərə məlumatlandırma sessiyaları keçirilmişdi. Ekspertlərin isə adları sona qədər gizlin saxlanıldı. Ekspertlər elektron sistem vasitəsilə qiymətləndirmə apararkən layihə təklifinin hansı QHT-yə məxus olduğunu görməyiblər.

Təbii ki, əsas məqsəd QHT sektorunu inkişaf etdirmək və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsində qarşıya qoyulan vəzifələrə nail olmaq üçün vətəndaş cəmiyyətinin ictimai nəzarətini gücləndirməkdir.

Ümumiyyətlə, son illər – xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra QHT Ageüntliyinin fəaliyyətində xüsusi aktivlik müşahidə olunur. Agentliyin fəaliyyəti təkcə ölkə daxilində yerli QHT-lər üçün donor kimi çıxış etməklə məhdudlaşmır. Qurumun xarici əlaqələri də kifayət qədər genişləndirilib. Ötən il Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfəri dediklərimizin əyani sübutudur. Agentlik ölkəmizin inkişaf istiqamətlərinə uyğun olaraq, vətəndaş cəmiyyətinin güclənməsini təşviq etməklə Azərbaycanın inkişafı naminə dövlət siyasətinə dəstək olur.

Qaliblər sırasında rəhbəri olduğum “Yeni Həyat – İqtisadi İnkişaf İctimai Birliyi də var. İcra edəcəyimiz “Böyük qayıdışa dair təşəbbüslər” layihəsi çərçivəsində geniş məlumatlandırma və maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, Agentliyin dəstəklədiyi bu istiqamət hələ yaxın bir neçə il ərzində aktual olacaq. QHT olaraq çalıcağıq ki, dövlət səviyyəsində hazırlanmış Böyük Qayıdış konsepsiyasından irəli gələn bəzi məsələlərin həllinə təşkilat olaraq biz də fayda verək. Layihəmizi uğurla həyata keçirəcəyimizə inanıram.

Bir daha təşkilatımızın müraciətini müsbət dəyərləndirdiyi, layihəmizi dəstəklədiyi və ən əsası obyektiv, ədalətli qrant müsabiqəsi təşkil etdiyi üçün QHT Agentliyinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm!

Ədil Ədilzadə

“Yeni Həyat – İqtisadi İnkişaf İctimai Birliyinin sədri