Bu qəbul Laçının sabahlarına qayğıdır

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş rayonlarda səfərlər­də oldu, o ərazilərdə geniş quruculuq işlərinə başlanması haqqında sərəncamlar imzaladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 28-də Şərqi Zəngəzur iqti­sadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi olan Məsim Məmmədovu qəbul etdi. Bu, L­açın rayonunda gedən quruculuq işləri ilə ətraflı tanış olmaq məqsədi idi. Laçın rayonu 28 il işğalçı Ermənistanın işğalında qaldı. Bu illərdə rayonun bütün infrastruk­tur­ları dağıdıldı, meşə fondu məhv edildi.
O illərdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Bu fürsətin dövlətçiliyimizə nə səviyyədə zərbə olduğunu düşünmə­mişdilər. Təəssüf indi nəyi dəyişə bilər ki?!
Şuşanın işğalı da Laçının işğalı kimi böyük ağrı-acılar yaşatdı, respublikada ciddi siyasi böhran yaratdı. AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.
Ölkə başçımız qeyd etdi ki, İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış çox saatlıq telefon danışıqları nəticəsində nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir.
Zəfərdən sonra Laçın da yenidən qurulur. Bu istiqamətdə Azərbycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin imzaladığı sərəncam uğurla yerinə yetirilməkdədir. Laçının işğaldan əvvəlki Laçınla qurulmaqda olan Laçını rəmzi baxımdan müqayisə edərək dedi: “O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik”.
Ölkə başçımız Laçın rayonunda ətraf mühitin qorunmasınn birinci vəzifə olacağını, Azərbaycan Laçın və Kəl­bə­cər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağını, yeni ida­rəetmə üsulu tətbiq ediləcəyini də vurğuladı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul etməsi, qəbulda Laçının timsalında işğaldan azad edilmiş ərazilərin sabahları haqqında dediklərinı Zəfərin məntiqi davamı bilirik.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı