Bu siyasət Azərbaycanı daha nurlu sabahlara aparır

Xalq böyük qüvvədir. Xalqın etimadı da böyük qüvvədir. SSRİ kimi nəhəng imperiyanı xalqın gücü çökdürdü. Azərbaycanda hakimiyyət boşluğu yarananda, separatçılığa görə dövlətin parçalanması, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda da xalq nəyə qadir olduğunu təsdiqlədi, dövlətçiliyimiz də yaşadı, dövlətimiz də parçalanma təhlükəsindən xilas oldu. Xalq İkinci Qarabağ müharibəsində gücünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin, əsgər kimi sərkərdəliyinin əsgərinə çevirdi. Və tarixi Zəfər qazanıldı!.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə xalqa inanırdı, xalqa güvənirdi, Azərbaycanı düşdüyü siyasi vəziyyətdən xilas edəndə də xalqa güvəndi, xalqın gücü müdrikliyin triumfuna çevrildi. Qısa müddətdə siyasi vəziyyət stabilləşdi, böyük beynəlxalq iqtisadi müqavilələr imzalandı, ordu nizami ordu kimi formalaşmağa başladı. Obrazlı şəkildə desək, Azərbaycan dünyaya “Mən varam!” dedi...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev gənc siyasi lider, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevə inanırdı. İnanırdı ki, zaman anlamında Azərbaycanın sabahlarını ona etibar etmək olar. Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstək-ləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu müra¬ciət oğul haqqında deyil, Azərbaycan naminə müraciət idi. Xalq dahi tarixi şəxsiyyətin bu inamını böyük etimad bildi, 2003-cü il prezident seçkilərində bu inama səs verdi, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 15-də Xankəndi şəhərində çıxışında dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

 Bu günlər dünənlərin davamıdır. Zamanın dünənləri də yaddaşlardadı: İlham Heydər oğlu Əliyev 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədri¬nin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bu rəqəmlər dəyərli bir ömür yolunun azərbaycançılıqdan keçən ilmələridir. Hər biri sonrakı mərhələ üçün başlanğıc olub. Bu başlanğıc da xalqın xeyir-duası ilə süslənib...

Xalq İlham Əliyevi tanımışdı, onun azərbaycançılığına bələd idi, bu bələdlik inamla tamamlanırdı. Xalqın İlham Əliyevə münasibəti inam və sevgi, etimad, ümid və güvənc əsasında formalaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu məsuliyyətlə, sədaqətlə, sevgilərlə davam etdirir. Azərbaycanın siyasi nüfuzu daha da artır. Bu, öz təsirini iqtisadi münasibətlərdə də göstərir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin başladığı beynəlxalq iqtisadi əlaqələr sistemi həm mahiyyət baxımından genişləndirilir, həm də forma baxımından. Dünyanın aparıcı dövlətləri Azərbaycanla daha intensiv əlaqələri möhkəmlətməyə indi də maraqlıdır.

İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan dövlətinin başçısının yüksək peşəkarlğı, xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin təminatçısı oldu. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu, bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.

Son dörd il ərzində siyasi partiyaların imzaladığı 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürü oldu. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanatların və müraciətlərin imzalanması həmrəyliyin inkişafı ilə yanaşı, dayanıqlı demokratik ənənələrin formalaşmasına da xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış ikitərəfli Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlığı ifadə etməklə, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin, bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər, BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Bu dönməz siyasi kursa görə gənclərin potensialından səmərəli istifadə olunur, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillər bu siyasətlə üzvi şəkildə səsləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər gənclərin potensialının gerçəkləşməsini, onların vətənpərvər, savadlı kadr kimi formalaşmasını, gənc ailələrin sosial təminatını əhatələyir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi Azərbaycan dövlətçiliyinin dönməz mühafizəkarıdır. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə sədaqətlə əməl etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursunu həyat amalı bilməklə Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinin mühafizəkarıdır...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il martın 26-da Yeni Azərbaycan Partiyasının III Qurultayında Partiyanın sədri seçildi. Cənab İlham Əliyev harda işləyibsə, islahatçı kimi tanınıb. YAP sədri kimi də 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etdi. Martın 5-də Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olundu, bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis edildi, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparat yaradıldı, Partiyanın yeni Proqramı qəbul edildi, kadr islahatlarına başlanıldı. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda plüralizmin, demokratiyanın, tolerantlığın daha geniş miqyaslı inkişafını təmin etdi. ..

Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan obyektiv mövqeyi və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu davamlı şəkildə artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin artan beynəlxalq nüfuzunun təzahürüdür.

Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına imkan yaratdı, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin hazırladı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və azərbaycançılığa əsaslanan siyasətinin nəticələridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri Azərbaycanda insan amilinə verilən dəyərin fəlsəfi mahiyyətinin siyasi-sosial düsturudur. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul edilən qanun layihələri, imzalanan fərman və sərəncamlar Azərbaycanda “dünyanın əşrəfi” olan insana verilən yüksək mənəvi dəyərin təcəssümüdür...

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın dövlətçiliyinin memarı oldu, cənab İlham Əliyev bu dövlətçiliyi daha geniş miqyasda tanıtdı, ona böyük siyasi ehtiramlar qazandırdı...

Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində ərazilərimiz Ermənistanın işğalından azad edildi, lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı, bu prosesin davam etdiyi müddətdə ayrı-ayrı kəndlərə, qəsəbələrə qayıdış da gerçəkləşdi. Cənab İlham Əliyevin özünün dediyi kimi, verilən vədlərin hamısı gerçəkləşir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın daha nurlu sabahlarının prezidentidir...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı