XALQA LAYİQLİ XİDMƏT MƏRAMI

Bəşər tarixi göstərir ki, milli dövlətçiliyini itirmək və dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üz-üzə qalmış xalqlar taleyüklü sınaq anında məsuliyyəti öz çiyinlərinə götürmüş qətiyyətli liderlərinin müdrikliyi, fenomenal idarəçilik keyfiyyətləri sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmişlər. Xüsusi rəhbərlik keyfiyyətlərinə malik belə şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər dövründə xalqa düzgün yol göstərən xilaskar missiyasında çıxış etmiş, həm də ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Böyük liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Bu elə vacib keyfiyyətdir ki, təkcə bütöv bir millətə deyil, hətta kiçik partiyaya, qrupa rəhbərlik edən şəxs də siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən uğur və uğursuzluqları əvvəlcədən hesablamağı bacarmalıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı böyük fəlakət və faciələrdən hifz etməsi məhz iti fəhm və uzaqgörənliyin nəticəsi olmuşdur. Bu reallığa nəzərən qətiyyətlə demək olar ki, ümummilli lider Heydər Əliyev də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını əvvəlcədən duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən şəxsiyyət kimi xalqının qəlbində yaşayır, onun nurlu xatirəsi daim dərin ehtiramla anılır. Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər, harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Liderlik onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən mayalanmışdır. Böyük siyasətdə qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı dəhşətli fəlakət və faciələrdən hifz etməsi isə dahi strateq Heydər Əliyevin iti fəhminin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi olmuşdur. Siyasi lider daim öz cəsarəti, çevik və rasional qərarları, ən çətin situasiyalardan optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. O, yalnız enerjisi, natiqlik məharəti ilə deyil, həm də çevrəsində olan insanların tələbat və ehtiyaclarını ifadə etmək bacarığı ilə fərqlənir, cəmiyyətdə ayrı-seçkiliyə yol vermir, hər zaman haqqa, ədalətə tapınır. Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran lider cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına çevrilən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilir. Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, ötən əsrin ortalarında – 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqı milli müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcına çevrilmişdir. Haqq-ədalət uğrunda mücadiləni özünün həyat kredosuna çevirmiş ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla, ədalətli və qanunpərəst rəhbər olduğunu təsdiqləmişdir. Dərin zəkası, lider xarizması, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman xalqının önündə olmuş ulu öndər hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və nihilizmə qarşı apardığı prinsipial mübarizə ilə nüfuz qazanmışdır. Ölkə rəhbəri cəmiyyətdə hökm sürən neqativ halların ilk növbədə kadr problemi ilə bağlı olduğunu müdrikliklə müəyyənləşdirmiş, bu sahədə ciddi dönüşün yaradılması vacibliyini önə çəkmişdir. Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır. Həmin illərdə respublika rəhbərliyi səviyyəsində keçirilən müxtəlif tədbirlər də məhz bu məqsədlərin real həyatda tətbiqinə yönəltmişdir. Azərbaycan KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı da məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı  117 işləyib hazırlamaq tələbi irəli sürülürdü. Məzmunundan da göründüyü kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar həmin dövrün sosial eybəcərliklərinə, acı ictimai-mənəvi gerçəkliklərinə, ozamankı partiya-sovet-təsərrüfat elitasının volyuntarizminə və özbaşınalığına, hüquqi nihilizm və inzibati-amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və ağıllı müqavimət demək idi. Ulu öndər respublikaya birinci rəhbərliyi dövründə daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellektuallığı, yüksək bilik səviyyəsi ilə fərqlənən gənclərə üstünlük vermiş, onları dövlət idarəçiliyinə irəli çəkmişdir. Heydər Əliyevin rəhbərliyinə qədərki dövrdə hüquqşünaslığın, belə demək mümkünsə, "irsən ötürülməsi cəhdləri” geniş vüsət almışdı. Yüksək vəzifəli məmurlar, xüsusən də, hüquq-mühafizə sistemində çalışan şəxslər övladlarını ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində yerləşdirmək üçün ən müxtəlif vasitələrə əl atırdılar. Nəticədə imkansız, lakin savadlı və qabiliyyətli gənclərin, fəhlə-kəndli övladlarının hüquqları kobud şəkildə pozulur, onların hüquq təhsili almaq istəyi arzu olaraq qalırdı. Ulu öndər qəbul etdiyi qətiyyətli qərarla belə halların qarşısını almış, haqqı, ədaləti bərpa etmiş, hüquqşünas kadrların seçilməsində millilik və peşəkarlıqla yanaşı, ədalətlilik, təmizlik, düzgünlük kimi vacib meyarları əsas götürmüşdür. Həmin illərdə yaranmış demokratik və şəffaf mühit nəticəsində istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş azərbaycanlı övladı – respublikamızın hazırkı adlı-sanlı hüquqşünasları ulu öndərin bu addımını daim böyük rəğbət və ehtiramla xatırlayırlar. Ümummilli lider Heydər Əliyev çox sonralar – 2000-ci ildə Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə söhbətində bu barədə deyirdi: "Vaxtilə mən ali məktəblərə tələbə qəbulunda rüşvətxorluğa qarşı mübarizə aparırdım. Məsələn, 1970-ci illərdə nəyi gördüm? Bizim dövlət universitetinin hüquq fakültəsi var. O vaxt həmin fakültəyə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs, o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt, o cümlədən tarix və şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən, hüquq-mühafizə orqanlarında – milisdə, prokurorluqda və sairə – çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, "Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi”. "Qoy, ədalət zəfər çalsın!” devizini rəhbər tutan ümummilli lider ötən əsrin 70-80-ci illərində xalqın təbii hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Milli düşüncə sahibi olduqlarına görə təqib edilən Azərbaycan yazıçı və şairlərini – Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Anarı, Əkrəm Əylislini, məşhur tarixçi-alim Ziya Bünyadovu və digər ziyalıları ən çətin məqamlarda müdafiə etməsi ulu öndərin hələ keçmiş sovetlər dövründə insan hüquqlarına hörmətindən, yüksək demokratizmə söykənən idarəçiliyindən xəbər verirdi. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq həmin illərdə Azərbaycanda nəinki dissident yazarlar olmamış, əksinə, tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yazmış, ulu öndərin milliliyi, xalqına bağlılığı onları həbs olunaraq zindana atılmaq təhlükəsindən hifz etmişdir. Milli-mənəvi irs və dəyərlərə bağlı olmuş Heydər Əliyev həmin illərdə rus dilinin zorla ittifaq xalqlarına qəbul etdirilməsi cəhdləri ilə barışmamış, fürsət düşdükcə, ana dilinin təbliğinə və yayılmasına geniş diqqət yetirmişdir. Hələ 1969-cu ilin 1 noyabrında ozamankı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş tədbirdə bütün qəlibləri, ideoloji-siyasi sədləri aşaraq ana dilimizdə səlist çıxış edən Heydər Əliyev milli təfəkkür və iradənin daşıyıcısı, əzmkar müdafiəçisi olduğunu nümayiş etdirmiş, xalqın özünəməxsusluğunun ifadəsinə çevrilmiş dövlətçilik rəmzlərinə və atributlarına həssas münasibətini ortaya qoymuşdur. Ulu öndər həmin dövrdə rəsmi nitqlərinin böyük əksəriyyətini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən də qətiyyətlə tələb edirdi. 1978-ci ildə Azərbaycan SSR-nin konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbitlənməsi və qorunub saxlanması sahəsində nümayiş etdirdiyi prinsipialığı da bunu bir daha təsdiqləyir. Çoxsaylı faktlar göstərir ki, ulu öndər Heydər Əliyev millətinin gələcəyini düşünən böyük lider olaraq bütün şüurlu həyatını canından artıq sevdiyi Azərbaycanın tərəqqisinə, inkişafına həsr etmişdir. Tarixin ən sərt dolanbaclarından, çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız eyni zamanda, davamlı milli inkişaf yolunu müəyyənləşdirmişdir. Bu fenomen şəxsiyyət ən çətin və mürəkkəb siyasi situasiyalarda nümayiş etdirdiyi qətiyyət, iradə və prinsipiallıqla çağdaş tariximizin şanlı səhifələrini yazmış, xilaskarlıq missiyasını üzərinə götürmüşdür. Ötən əsrin 70-80-ci illərindən respublikada milli müstəqilliyə etibarlı zəmin118 yaradan sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit formalaşdıran ulu öndər Heydər Əliyev məhz bu möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Hər bir dövlətin mövcudluq tarixində çətin, milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar olmuşdur. Fəqət, ən ekstremal siyasi şəraitdə millətin iradəsini və niyyətlərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində bu dövlətlər tab gətirərək öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. 1991-ci ilin 18 oktyabrından 1993-cü ilin iyun ayınadək cərəyan edən xaotik və gərgin proseslər təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşunə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. 1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər – siyasi böhranın, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Ulu öndər Heydər Əliyev belə nüfuzlu şəxsiyyət olaraq özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Böhranlı bir dövrdə – 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək hakimiyyət sükanına keçən ümummilli lider respublikamızı üzləşdiyi bir çox faciələrdən qurtarmış, müdrik və uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdır. Heydər Əliyevin Ali Sovetin sədri seçildiyi günün – 15 iyun tarixinin Qurtuluş salnaməsi kimi qeyd olunması da tarixi proseslərin obyektiv məntiqindən irəli gəlmişdir. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır. Ulu öndər Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elminəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus entuiziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümimi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır. Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Ölkəmizə son 10 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti respublikanın malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəlik siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın formalaşdırılmasına xidmət edir. Ümummilli lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatlar həyata keçirmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik-hüquqi və  119 dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazanmışdır. Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil dövlətçilik üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur. Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyini, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimaisiyasi xadim və bunlardan da əvvəl – Böyük Azərbaycanlı olması faktını qətiyyən istisna etmir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən böyük strateq azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir. Şəxsiyyətinin böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim diyarı az qala, qarış-qarış gəzərək, rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev hələ 70-80-ci illərdə respublikada formalaşdırmış zəngin elmiintellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır. Bu böyük şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapır. Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmış, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirmişdir. Böyük strateq milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur. "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır… Təhsil Qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır” – deyən ulu öndər Heydər Əliyev bu məsələyə böyük həssaslıqla yanaşdığını göstərmişdir. Ölkəmizdə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşmış ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də bu mütərəqqi ənənəyə sadiqlik nümayiş etdirmişdir. Ümummilli lider vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetini də unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Heydər Əliyev BDU-ya olan rəğbətini büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professormüəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Ən azı o səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.  120 Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasını son illərdə uğurla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısı zaman etibarilə qısa, mahiyyətcə böyük 5 illik dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır. Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, gerçəkliyi təhrif etməməsi, praqmatizmi cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri tamamlayır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə – bütün bunlar cənab İlham Əliyevin yetkin siyasi obrazını şərtləndirir. Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü ilin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən xaos və anarxiya mühitinə yuvarlanmasına yol verməmişdir. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik, dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. Əsl liderlik, şübhəsiz, xalq kütlələrini milli məram və məqsədlər ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin liderlik xüsusiyyətləri onun ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dinietnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür. Dövlət başçısı İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosialiqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü aksiom kimi önə çəkir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Dövlət başçısı İlham Əliyev son beş ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, təhsilə, elmə də xüsusi qayğı ilə yanaşmış, bu istiqamətlərdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı Azərbaycan elminin inkişafı və problemlərinin həlli baxımından fundamental əhəmiyyətli sənəddir. Cənab İlham Əliyev elmlə yanaşı, ali təhsil sistemində islahatların aparılmasını, bu sistemin Bolonya prosesinə uyğunlaşdırılmasını, ümumiyyətlə, həmin sahədə qarşıda duran problemlərin həlli baxımından son illərdə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Prezidentinin "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 121 22 may 2009-cu il tarixli sərəncamı ali təhsil sistemində islahatların keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsini təmin edəcəkdir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq daim Bakı Dövlət Universitetinin davamlı inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının 24 aprel 2009-cu il tarixdə BDU-nun 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması da məhz bunun bariz təcəssümüdür. Həmin sərəncam müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi isə olduqca zəngin və əhatəlidir. İllər keçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyətini daha çox dərk edir, sehrinə daha çox düşür, vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək kimi qəbul edirsən. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələari ulu öndər Heydər Əliyevin bu ali təhsil ocağının layiqli yetirməsi, məzunu olması ilə daim qürur duyur, hər addımda onun dəyərli ideyalarına istinad edir, eyni zamanda, Heydər Əliyev siyasi kursunu inamla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanır.



Əflatun Qasımov 
Respublikanın Əməkdar Mühəndisi