"Səni axtarıram” layihəsi növbəti həftədən ANS-in efirində yayımlanacaq.
Anspress-ə istinadən xəbər verir ki, "Səni axtarıram” tam heyəti ilə
artıq iş başındadır. Kimi gələn zəngləri qəbul edir, kimi də onlara
daxil olan məktubların məzmunu ilə tanış olur. Yenə də birilərini
sevindirmək, onlara xoş xəbər vermək üçün. Artıq öz doğmalarından ayrı
düşənlər "Səni axtarıram”ın qapısını döyməkdədirlər. Layihənin axtarış
şöbəsi də gərgin iş rejimindədir. Azərbaycandan, eləcə də ölkə
hüdudlarından kənarda onlara edilən müraciətləri araşdırmaqdadırlar.
Dediklərinə görə, bəzən bu araşdırmalar illərlə davam edir. Çünki
axtarılan şəxslərin sənədləri, qeydiyyatı olmadığından onlar barədə
lazımi informasiyanı tapmaq çətin olur. Amma komanda daha da əzmlə
çalışaraq onlara üz tutanların hər birinə xoş xəbər vermək
niyyətindədirlər. Bu niyyətlərini isə ANS-də həftə içi yayımlanacaq
verilişdə gerçəkləşdirəcəklər. Layihənin axtarış şöbəsinin rəhbəri
Səbinə Alicanova deyir ki, axtarılanların əksəriyyəti Rusiyadandır. Amma
onlara Almaniyadan, Fransadan və Polşadan da müraciətlər edilib.
Ümumilikdə 50 mindən çox insanın axtarışı davam etdirilir. Layihə
yenilənmiş, bir qədər fərqli formatda və dekorasiyada tamaşaçılara
təqdim olunacaq. Artıq komandanın iki üzvü axtarışlarla bağlı
Ulyanovskda çəkilişdədir. Layihənin müəllifi, 5 ildir ki, bu verilişin
bütün yük və əziyyətini çiyinlərində daşıyan aparıcı, Xoşqədəm
Hidayətqızı ANS-dəki tamaşaçı auditoriyasının daha çox olacağına inanır
və bu verilişin ANS zirvəsinə qalxacağına əmindir. Layihənin aparıcısı
Xoşqədəm Hidayətqızı bildirdi ki, yeni formatda yayımlanacaq veriliş çox
maraqlı olacaq.