Yanğında biri azyaşlı 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb - Yenilənib

Azyaşlı qız uşağı tüstüdən boğularaq ölüb

Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.

Azyaşlı tüstüdən boğularaq ölüb.

Ölənlərin kimliyi dəqiqiləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.

**

12:35

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, ilkin məlumatlara əsasən,Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğında 15 nəfər xəsarət alıb. Onlar paytaxtın müxtəlif xəstəxanalarına yerləşdiriliblər: "Yaralılar barədə məlumatlar gəlməkdə davam edir. Əlavə məlumat veriləcək".

***

12:14

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğında zərər çəkənlərə kömək etmək üçün 30 təcili yardım briqadası səfərbər olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev də hadisə yerindədir: Bütün böyük xəstəxanalar – Kliniki Tibbi Mərkəz, Yanıq Mərkəzi, Travmatologiya İnstitutu xəsarət alanları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Yaralılar barədə hələlik məlumat yoxdur”.