Yoaxim Qauk: Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Qafqazda sabitlik Sizin ölkəniz və həmçinin bütün Avropa üçün çox əhəmiyyətlidir. Mən qəti əminəm ki, sülhün qorunması, regional qarşıdurmaların aradan qaldırılması Azərbaycanın və bütövlükdə regionun inkişafını sürətləndirə bilər. Əmin olun ki, Almaniya yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı sədri qismində deyil, o cümlədən bir ölkə kimi mövcud münaqişələrin həllinə öz töhfəsini verməyə hazırdır. Həmçinin Sizi əmin edirəm ki, demokratiyanın və hüquqi dövlətçiliyin inkişafında Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır.

Zati-aliləri, mən Sizə uğurlar və Azərbaycan vətəndaşlarına sülh, rifah arzu edirəm".sabahinfo.az