Cəbi Quliyev: “TEKNOFEST Azərbaycan” festivalı region üçün mühüm əhəmiyyət kəsb edir

“TEKNOFEST Azərbaycan” festivalının ilk dəfə Türkiyə sərhədlərindən kənarda, məhz Azərbaycanda keçirilməsi ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlığın növbəti təzahürüdür. Festivalda dövlət başçılarımızın bir yerdə olmaları və Azərbaycanın Müstəqillik Gününü birlikdə qeyd etmələri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bir rəmzidir.

Sabahinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı katibi, Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

Cəbi Quliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb, cəmi 23 aydan sonra süqut edib və Azərbaycan öz müstəqilliyini itirib. Yalnız ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib və 30 ildir Azərbaycan xalqı azad yaşayır. Bu 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və Türkiyə-Azərbaycan yenə də bir yerdədir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

“TEKNOFEST”in Azərbaycanda keçirilməsi təkcə region ölkələrinə deyil, bütün dünyaya bir mesajdır. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Daha sonra ötən il 15 İyun - Qurtuluş Günündə qardaş ölkələrin liderləri mədəniyyət paytaxtımız Şuşada tarixi Şuşa Bəyannaməsini imzaladılar. Bununla da, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri yeni və tam fərqli bir inkişaf mərhələsinə qədəm qoydu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, “TEKNOFEST Azərbaycan” festivalı da bu yeni mərhələnin uğurlu addımlarından biridir”, - deyən Milli Məclisin deputatı vurğulayıb ki, enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və beynəlxalq münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulub. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatıb.

“TEKNOFEST Azərbaycan” festivalının yüksək səviyyədə keçdiyini qeyd edən Cəbi Quliyev diqqətə çatdırıb ki, festivalda dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və TEKNOFEST-in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-larının ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana səfər etmələri əlamətdar hadisədir. Selçuk Bayraqdar və Əziz Səncər kimi insanlar gənclər üçün həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan kimi gözəl nümunədir. Dövlətimizin başçısının “Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”- deməsi, onun qardaş türkiyəli alim və mühəndislərə verdiyi yüksək dəyərin göstəricisidir.

Milli Məclisin deputatı qeyd edib ki, tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq. “TEKNOFEST birliyimizin növbəti nümayişi, təzahürüdür” - deyən dövlət başçısı bildirib ki, TEKNOFEST elm, inkişaf, bilik, texnologiya bayramıdır. TEKNOFEST-də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaq. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu və gələcəkdə də daim bir yerdə olacaqlar.

Cəbi Quliyev deyib: “Əminliklə qeyd edə bilərəm ki, bu festivaldan sonra aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gənclərimizdə bu sahəyə marağı daha da artıracaq”.