Milli həmrəyliyə kölgə salmaq niyyəti

Mən 10 mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin ilk iclasında Ölkə Başçısı İlham Əliyevin çıxışını yaxşı xatırlayıram. Həmin çıxışında Prezident ölkə parlamentinin xalqımızın uğurlu inkişafı istiqamətində oynadığı böyük rolunu qeyd edərək  Azərbaycanın yeni dövrün çağırışlarına uyğun qətiyyətli islahatların astanasında olduğunu, idarəetmənin təkmilləşdirilməsinin, institusional dəyişikliklərin vacibliyini xüsusi olaraq vurğulamişdı.
    
Bu gün ölkənin qanunverici orqanında - Milli Məclisdə bir çox islahatlar aparılmış, yeniliklər tətbiq edilmiş, qanunvericilik fəaliyyəti gücləndirilmişdir. Milli Məclisin beynəlxalq əlaqələri, parlament diplomatiyası daha da inkişaf etdirilmiş, vətəndaşlarla iş, deputatların fəallığının artırılması, pandemiyaya qarşı mübarizə sahələrinə, müharibə dövründə və müharibədən sonra Vətən müharibəsi ilə əlaqədar işlərə xüsusi diqqət yetirilmişdir.
    
Bütün bunların fonunda Milli Məclis kimi Ali dövlət qurumu, onun üzvləri olan deputatlar haqqında aşağılayıcı ifadələrdən istifadə edilməsi, özü də bu ifadələrin ölkənin beyin mərkəzlərindən biri – Milli Elmlər Akademiyasının Mətbuat xidməti tərəfindən səsləndirilməsi hər kəsdə təəssüf doğurur. Şəxsi ədavət fonunda dövlətin qanunverici orqanına ümumilikdə kölgə salmaq, onun cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışmaq ən azından məsuliyyətsizlik kimi qiymətləndirilməlidir.
 
Ən təəssüf doğuran cəhət isə bu fikirlərin Prezident Administrasiyası kimi ölkənin ən yüksək postlarından birinə vaxtı ilə rəhbərlik etmiş və hazırda AMEA-nın prezidenti postunun tutan Ramiz Mehdiyevin diktəsi ilə yayımlanmasıdır. Belə nəticəyə gəlmək olar ki, burada məqsəd ali dövlət orqanını nüfuzdan salmaq, Milli Məclisin cəmiyyətdəki mövqeyinə, ümumilikdə dövlətçiliyə zədə yetirməkdir və bu yolda Milli Elmlər Akademiyasının tribunasından belə istifadə edilməsindən çəkinilmir.  

Bu aşağılayıcı yazılar, dövlətin ünvanına yönəlik böhtanlar kimə və nəyə ünvanlanıb, məqsəd və məramları nədən ibarətdir?. Milli Məclisin, onun deputatlarının ünvanına səslənən bu iftiralara səbəb bəlkə xalqımızın, Ali Baş Komandanın tarixi zəfəridir? Bəlkə beynəlxalq arenada Azərbaycan dövlətinin indiyədək görünməmiş uğurudur?.

Elmlər Akademiyası Azərbaycan elminin, xalqın milli sərvəti olan intellektual potensialının formalaşdığı böyük bir məkandır. Elmlər Akademiyası elm ocağıdır, öz xalqının gələcəyinə işıq tutan müqəddəs məbəddir. Bu elm məbədi öz tarixi boyu xalqa, milllətə əks mövqeydən çıxış etməyib, Milli Elmlər Akademiyası heç vaxt intriqa yuvası olmayıb. Təəssüf ki, bu gün bu elm ocağı Ramiz Mehdiyevin şəxsi maraqlarına, ambisiyalarına xidmət edən böhtan maşınına çevrilib. Bir vaxtlar elmi araşdırmaların, ciddi müzakirələrin məkani olan AMEA indi dövlətə və dövlətçiliyə əks olan bir ovuc müxalif fikirlərin, elmə heç bir aidiyyətı olmayan kəslərin yığıncağı halına gəlib. 

Milli Məclisə böhtan yağdıran, onu fəaliyyətsizlikdə, səriştəsizlikdə günahlandıran AMEA prezidenti rəhbərlik etdiyiyi müddətdə akademiyanın hansı nailiyyətindən, imza atdıqları hansı yenilikdən danışa bilir? AMEA-nın liftinin təmirindənmi, yoxsa binanın tavanının yenilənməsindənmi? Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi müddətdə “əldə edilən nailiyyətlər” bunlardan ibarətdirmi? Axı hər birimiz yaxşı analayırıq ki, fəxrlə qeyd edilən bu “nailiyyətlər” adı təsərrüfat müdirinin gündəlik iş funksiyalarından başqa heç bir qiymətdə deyil.   

Azərbaycan elminin işığına kölgə salmağa çalışanlar, “islahatlar” adı altında əslində düşmən mövqedə olanlar yaxşı bilməlidir ki, onların cılız böhtanları, cəmiyyətdə ikrah doğuran atmacaları bu müqəddəs məbədə, onun xalqın gözündəki dəyərinə zərrəcə xələl gətirə bilməzlər. Elmlər Akademiyasına bu gün rəhbərlik edən Ramiz Mehdiyev, onun səsinə səs verib öz dövlətinə ası çıxan kəslər bilməlidir ki, artıq getməyin vaxtıdır. Bilməlidirlər ki, onların intriqa, böhtan dolu cəfəngiyyatları artıq tarixə qovuşmaqda olan bir ovuc naxələfin son sayıqlamalarından başqa heç bir məna kəsb etmir.    

Bu gün Azərbaycan cəmiyyətində böyük həmrəylik mövcuddur. İqtidarla vətəndaş arasında qarşılıqlı hörmət və bütövlükdə birlik vardır. Azərbaycan xalqı özünün taleyüklü məsələlərinin həllində dövlətinin, onun liderinin yanında olduğunu bütün dünyaya yetərincə sübut edə bilmişdir. Amma görünən odur ki, bu birliyə, Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlər həmişə olduğu kimi indi də var olmamış deyil. 

Lakin həmin kəslər onu da bilməlidir ki, bu millət öz dövlətinə, dövlətçiliyinə daim etibar etmiş, xalqın çətin günlərində bir yumruq kimi onun ətrafında birləşməyi bacarmışdır. Bizlər düşmənlə, onun daxili və xarici ünsürləri ilə mübarizədə bunun daima şahidi olmuşuq və hər kəs bir daha bilməlidir ki, bundan sonra da bu birliyi heç bir qüvvə sarsıda bilməyəcəkdir.

Əminə Ağazadə

Milli Məclisin deputatı