Cənab Prezidentin xalqa müraciətindəki bu nüans bizi daha da ruhlandırdı

Cənab Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti həm 2023-cü ildə əldə olunan uğurların hesabatı, həm də 2024-cü il üçün nəzərdə tutulan planların ictimaiyyətə açıqlanması baxımından böyük əhəmiyyət kəsb etdi. Ötən ildə qazanılan uğurların təhlili və cari ildə qarşıda dayanan vəzifələrin təqdimatı bizə bir çox qənaətlərə gəlməyə imkan verir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, 2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu. Cənab Prezident müraciətində ilk olaraq bu uğurumuzdan danışdı. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından irəli gələn bütün öhdəlikləri yerinə yetirsə də, Ermənistan müxtəlif bəhanələrlə nəinki öz öhdəliklərinə əməl edir, hətta təxribatla məşğul olurdular. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistan havadarlarının dəstəyinə arxalanaraq Azərbaycanın suverenliyini təhdid edirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığı Dövlət Bayrağımız, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.

Həmçinin son üç ildə dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub. 2023-cü ilin Novruz bayramı ərəfəsində çoxli sayda sakinimiz Talış kəndinə köçdü. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi sevincli günlərini yaşadı. 18 oktyabr Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış prosesi bu gün də davam etməkdədir. Prezident İlham Əliyev müraciətində onu da qeyd etdi ki, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilərək keçmiş köçkünlərin ixtiyarına veriləcək. Xocalı və Xankəndi sakinləri də bu il öz evlərinə qayıdacaqlar. Daha bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Dövlətimizin başçısının verdiyi bu müjdələr deməyə imkan verir ki, 2024-cü il Böyük Qayıdış Konsepsiyasının icrası baxımından həlledici il olacaq. 2023-cü ildə Azərbaycan iqtisadi imkanları, büdcə gəlirləri daha da artdı. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına xüsusi diqqət yetirildi. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması çağırışına dəstək ifadə olundu. Prezident İlham Əliyev müraciətində diqqəti bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bildirdi ki, bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Qeyd etdi ki, 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi. 230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.

Cənab Prezidentin müraciətində ölkəmizin müdafiə qabiliyyətinin artırılması, Silahlı Qüvvələrimizin gücləndirilməsinə dair açıqlamaları da olduqca diqqətəlayiq idi. Dövlətimizin başçısı bildirdi ki, biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərdilər. Cənab İlham Əliyev belə bir hədəfə də toxundu: “2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.” Xalqa müraciəti zamanı Prezident İlham Əliyevin “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar” sözləri olduqca qürurverici idi.

Bu gün ölkəmizdə xalq-iqtidar birliyi möhkəm və sağlam təməllər üzərində qurulub. Biz bir olanda daha güclü oluruq. İnanıram ki, 2024-cü ildə biz bir dövlət olaraq qarşıya qoydğumuz bütün məqsədlərə çatacağıq. Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan dövlətinin ölkə ərazisində həll edə bilməyəcəyi problem yoxdur.

Mətanət Səfərli 

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı