Ceyhun Bayramov İƏT-in iclasında prioritet və planları açıqladı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

İclas zamanı Ceyhun Bayramov bəyanatla çıxış edərək, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb.

Çıxış zamanı “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb.

Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul edilmiş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarlar qeyd edilib.

Nazir çıxışı zamanı Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.  

Qeyd edilənlərlə yanaşı, ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.

Ceyhun Bayramov çıxışı zamanı post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə yaşıl enerji zonası, Azad İqtisadi Zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra, təşkilatın Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.

Nazirlər Şurasının iclası zamanı təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib.

Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.

Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.

Ceyhun Bayramovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.