"Çin üçün ən uğurlu və ən sabit quru əlaqəsi Qafqaz üzərindən keçir"

“Dünyanın bütün xalqları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq və əməkdaşlıq etmək ali niyyət olaraq konstitusiyamızda bəyan olunub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu mənada Çin kimi bir qlobal güclə bütün sahələrdə əməkdaşlıq və qarşılıqlı dəstək ifadə edən münasibətlərin qurulması bizim milli maraqlarımıza tam cavab verir: “Bəllidir ki, Çin yalnız Asiyanın yox ümumilikdə dünyanın ən sürətlə böyüyən siyasi, iqtisadi və hərbi gücüdür. Təsadüfi deyil ki, məhz Çinin yüksəlməsi artıq dünyada siyasi mübarizə qütblərinin yenidən formalaşmasına səbəb olub. İndi belə bir gücün ölkənin birinci şəxsi simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etməsi Çinin Prezident İlham Əliyevin Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığı qəbul etməsi deməkdir. Əlbəttə, hər bir dövlətin öz marağı var, o cümlədən də rəsmi Pekin təbii ki, ilk olaraq özünün maraq və mənafelərindən hərəkət edir. Çin üçün Avropaya ən uğurlu və ən sabit quru əlaqəsi Qafqaz üzərindən keçir. Qafqazın yeni reallığına isə Azərbaycan diqtə edir”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan 2020-ci ildə özünü bir çox sahələrdə, həm Qoşulmama Hərəkatının rəhbəri, həm də pandemiya ilə mübarizədə qlobal təşəbbüsləri birləşdirməyi bacaran uğurlu siyasi mərkəz kimi sübut edə bilib: “Vətən müharibəsində qələbəmiz isə bizi yeni hərbi-siyasi güc mərkəzi kimi qəbul etdirdi. Bir sözlə, Azərbaycan artıq lokal yox qlobal oyunçu kimi, beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən suveren tərəfdir. Bu mənada Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyev ilə telefon danışığını və qarşılıqlı dəstək nümayişi Çin dövlətinin bölgədəki əsas tərəfdaşını seçməsi kimi qiymətləndirmək olar. Nəzərə alsaq ki, Çin müvəqqəti reallıqlarla görə siyasi kurs müəyyən etməyəcək qədər əsaslı dövlətçilik ənənələrinə malikdir, deməli rəsmi Pekin mövcud yanaşması ilə Azərbaycanın yaratdığı yeni reallığa uzunmüddətli və sabit geosiyasi vəziyyət kimi qəbul edir”.