Dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib - YENİLƏNİB

Növbədənkənar parlament seçkiləriylə əlaqədar bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçirilib.

Sabahinfo.az xəbər verir ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov və ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

MSK sədri Məzahir Pənahov bildirib ki, Seçkiləri müşahidə etmək üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir: “Məhz Prezidentin tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Dünyanın istənilən nöqtəsindən MSK-nın saytında seçkiləri veb-kameralar vasitəsilə izləmək olur və veb-kameralar vasitəsilə seçkiləri müşahidə edənlərin sayı da ildən-ilə artır. Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq”.

Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd edib ki, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seçki hüququ və onun əsas prinsiplərinin Azərbaycan Konstitusiyasında əksini tapdığını nəzərə çatdırıb.

Baş prokurorun birinci müavini Elçin Məmmədov seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin cəzalandırılacağını vurğulayıb.

Daxili işlər nazirinin müavini Oqtay Kərimov nəzərə çatdırıb ki, qanunsuz aksiyaların qarşısının alınması üçün bütün tədbirlər görüləcək.

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov əhalinin reyestrində olan məlumatların MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olunduğunu söyləyib: “Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır”.

***

11:20

2024-cü il sentyabr ayının 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Sabahinfo.az  xəbər verir ki, Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov parlament seçkilərinin əhəmiyyətindən danışıb.

O qeyd edib ki, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyindən Zəfər seçkisi adlandırılmışdı.

"Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir", - sədr qeyd edib.