Deputatlar Karabük Universitetinin rektoru, professor Refik Polatla görüşdülər

Dekabrın 14-də Türkiyənin Karabük Universitetinin rektoru, professor Refik Polat və həmin universitetin prorektorları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Nəsib Məhəməliyevlə görüşüblər.

ADNSU-da keçirilən görüşdə rektor Mustafa Babanlı beynəlxalq çağırışlara uyğun təhsilin qurulmasından və ixtisaslı mühəndislərin hazırlanmasından bəhs edərək bu məsələdə qardaş ölkənin təcrübəsinin önəmindən danışıb. O, Karabük Universiteti ilə əməkdaşlığın, ikili diplom proqramlarının tətbiqi, müəllim və tələbə mübadiləsinin gələcəkdə müsbət nəticə verəcəyinə əmin olduğunu vurğulayıb. Türkiyənin Karabük Universitetinin rektoru, professor Refik Polat da ADNSU-da olmaqdan məmnun olduğunu deyib və yeni əməkdaşlıq əlaqələrinin yeni-yeni imkanlar açacağını bildirib.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Nəsib Məhəməliyev isə görüşdə  Azərbaycan - Türkiyə dövlətlərinin tarixi köklərə bağlanan əlaqələrəndən söz açaraq hazırda iki ölkə arasında sosial-iqtisadi, siyası və mədəni sahədə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlığın vacibliyini qeyd ediblər. ADNSU və Karabük Universitetinin yetişditdiyi yüksək ixtisaslı kadrlara hər zaman ehtiyac olacağını deyən deputatlar hər iki universitetə fəaliyyətlərində uğurlar arzu ediblər.