DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyul ayının 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkir rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, dini icmaların kitablarla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.