"Dövlət uşaq siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daha da güclənib"

Müasir dövrdə uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqlar xoşbəxt həyat sürəcək və müharibədən, zorakılıqdan uzaq sağlam həyat yaşayaraq rifah içində böyüyəcəklər. Bu gün dünyanın bir çox yerlərində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz də öz tariximizdə bunun acı nəticələrini görürük. 1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür ki, onlardan 300 mindən çoxu uşaqlardır. Müharibə və onun dəhşətləri uşaqlarda dərin psixoloji iz buraxıb. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb. Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
Deputat təəssüf hissi ilə qeyd edib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə və Bərdə şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirmişdir. Erməni faşizminin keçən il törətdiyi qanlı terror hadisələri nəticəsində bu uşaqların bütün arzuları kimi, ömürləri də yarımçıq qaldı. Bəlkə də onların sırasında gələcəyin görkəmli həkimi, müəllimi, mühəndisi, hüquqşünası, idmançısı olacaqdı. Lakin onların taleyinə erməni faşizminin qurbanı olmaq yazıldı. Ermənistan beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozur, buna görə isə heç bir məsuliyyət daşımır. Əminik ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi kimi, uşaq qatillərinin də layiqli cəza alması üçün bütün imkanlardan yararlanacaq.
Hicran Hüseynova qeyd edib ki, bu gün bütün dövlətlər uşaqlara daha yaxşı gələcək qurmaq üçün üzərilərinə çox vacib öhdəliklər götürürlər. Dayanıqlı İnkişaf Məqsədləri də uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsini nəzərdə tutur. Müəyyən edilmiş 17 məqsədin hər biri bu və ya digər şəkildə uşaq hüquqları ilə əlaqəlidir. Uşaq hüquqlarının təmin və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda da uşaq hüquqlarının müdafiəsi dövlətimiz üçün prioritet olub. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da güclənib. Bu siyasətin reallaşmasında qanunvericilik bazasının yaradılması çox vacibdir. Azərbaycan müstəqilliyini elan etdikdən sonra BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına və bu Konvensiyanın 2 Əlavə Fakültativ Protokoluna qoşulub. Ötən dövr ərzində milli qanunvericilik və normativ-hüquqi aktlar davamlı olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət proqramları, Tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib. Qeyd edilməlidir ki, uşaq hüquqları sahəsində qanunvericilik bazası ildən-ilə daha da gücləndirilir. “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi haqqında”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu qəbul edilib və bununla bağlı qaydalar təsdiq olunub. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı isə bu sahədə işlərin daha da təkmilləşməsinə gətirib çıxaracaq.
H.Hüseynova diqqətə çatdırıb ki, Azərbaycanda heç bir ayrı-seçkiliyə yol vermədən bütün uşaqların hüquqlarına hörmət edilir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşaması üçün bütün imkanlar yaradılır. Dini, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə bütün uşaqlara eyni münasibət göstərilir. Onlar vətənpərvər, dostluq, mehribanlıq, sevgi kimi ülvi hisslərlə böyüyürlər. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda, ölkəmizin gələcəyi də parlaq olacaqdır. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Bir zamanlar uşaq olan bu gənclərin hər bir Azərbaycanı öz Vətəni hesab edir və onun azadlığı uğrunda vuruşmağa, mübarizə aparmağa hazır olduqlarını öz mərdlikləri, cəsurluğu ilə yenidən təsdiq etdilər. Çünki onlar kin, nifrət hisslərindən uzaqdırlar.
“Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Gənc nəslin vətənpərvərlik, tariximizə, milli köklərə bağlılıq, böyüklərə yüksək ehtiram və mənəvi zənginlik duyğuları ilə tərbiyə olunması, onların şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Uşaqlar gələcəyə mirasdır, çalışaq onlara xoşbəxt həyat bəxş edək”, - deyə deputat qeyd edib.