Düşmənin apardığı asimmetrik müharibənin məntiqi nəticəsi

“Ermənilərin yol verdikləri müharibə cinayətləri düşmən tərəfinin Azərbaycana qarşı apardığı asimmetrik müharibənin məntiqi nəticəsidir. Asimmetrik müharibə müxtəlif səviyyələrdə - hərbi-strateji, operativ, siyasi səviyyələrdə və müxtəlif formada (məsələn, terror üsullarından istifadə etməklə) aparıla bilər, ancaq hər bir halda uzun illərdən bəri formalaşan və silahlı münaqişələri tənzimləyən beynəlxalq hüquq normaları və prinsiplərinin açıq-aşkar pozulmasını və nəticədə müharibə cinayətlərinin törədilməsini ehtiva edir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Nizami Səfərov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilən “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda çıxışı zaman deyib.

N.Səfərov bildirib ki, asimmetrik müharibənin tipik göstəriciləri – mülki əhaliyə və mülki infrastruktur obyektlərinə hücumlar, qadağan edilən müharibə vasitələrindən - klaster (kasset), fosfor sursatlarından istifadə, girovlarla və hərbi əsirlərlə qəddar, qeyri insani rəftar, işgəncələr və onların qətlə yetirilməsi, ətraf mühitə uzunmüddətli və genişmiqyaslı ziyan vurulması, muzdluların və uşaqların hərbi əməliyyatlara cəlb edilməsi və sairədir.

O qeyd edib ki, beynəlxalq cinayətlərin təqibi və soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinə görə cəzasızlığın aradan qaldırılması dünya birliyinin üzv dövlətlərinin qarşısında duran əsas hüquqi priorotetlərdən biridir:

“Bu prioritetin reallaşdırılmasında fundamental problemlər sirasında müharibə cinayətlərinin substantiv, yəni maddi hüquq tərkibinin müəyyənləşdirilməsi xüsusilə qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, müharibə cinayətlərinin müasir konsepsiyası insanlıq məvhumunu sarsıdan bu cür əməllərin beynəlxalq humanitar hüququn ciddi pozuntuları kimi tövsif edir.

“Ciddi pozuntular” 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyaları və onalrın 8 iyun 1977-ci il tarixli Birinci Protokolunun müddəalarının pozulmasını nəzərdə tutur və terminoloji baxımdan bu hüquqi aktların ingilis və fransız dillrəindəki autentik mətnlərində öz əksini tapıb. Ciddi pozuntular bir tərəfdən, beynəlxalq xarakterli silahlı münaqişələrin qurbanlarının müdafiəsinə yönələn norma və prinsiplərin, digər tərəfdən isə hərbi əməliyyatların aparılmasının vasitələri və üsullarını məhdudlaşdıran qaydalarının yaxud müharibə adətləri və qanunlarının pozulmasını ehtiva edir. Məhz bu iki məqam Ermənistanın silahlı qüvvələrinin və marionet separatçı rejimin törətdikləri müharibə cinayətlərini xarakterizə edir.

Bu cür cinayətlərin sistemləşdirilməsi üçün onların “Cenevrə hüququnun”, yəni Dörd Cenevrə Konvensiyası və həmin konvensiyalara Əlavə Protokollarda müəyyə edilən konkret qadağaların pozulması müəyyən edilməlidir.

Ermənistan Cenevrə Konvensiyalarına və Əlavə Protokollara 1993-cü il 7 iyun tarixində qoşulmuşdur və həmin vaxtdan bu sənədlərin müddəalarına əməl edilməsi artıq hüquqi öhdəlik idi. Ancaq beynəlxalq müqavilələrlə ümumiyyətlə, hesablaşmayan erməni tərəfi üçün beynəlxalq humanitar hüququn pozulması adi bir hala çevrilmişdir”.