Düzgün yol cəsarət və güc tapıb ləngimədən könüllü getməkdir

Son günlər Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin yanlış idarəetmə üsulu, AMEA-nın Mətbuat xidmətinin məlum açıqlaması akademiyanın tanınmış alimlərini, ölkəmizin ziyalılarını və ictimai-siyası xadimlərini ciddi düşündürür və hamını narahat edir. Çünki Azərbaycanın fikir, düşüncə, təfəkkür mərkəzi olan Elmlər Akademiyamızda bu gün yaşanılanlar bu mötəbər elm məbədində səriştəsiz idarəçiliyin acı nəticəsi kimi qiymətləndirilir.

Akademik Ramiz Mehdiyevin təcrübəli insan və uzun illər dövlət quruculuğunda çalışmış bir şəxs kimi, Azərbaycan baş elm məbədini irəli aparmaq, müasir dövrün tələblərinə cavab verən səviyyəyə yüksəltmək üçün böyük strateji elmi proqramların hazırlanıb həyata keçirilməsini təşkil etmək əvəzinə elmimizi belə acınacaqlı vəziyyətə salmaqla yalnız elmimizə deyil, bütövlükdə dövlətimizin yaxın və uzaq gələcəkdə həyata keçirəcək nəhəng quruculuq işlərinə sağalmaz yara vurur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildiyi ilk gündən Ramiz Mehdiyev qarşıya qoyduğu dağıdıcı planları həyata keçirməyə başladı. Elmə töhfə vermiş bir çox alimlərin ixtisar və yenidənqurma adı ilə vəzifələrindən kənarlaşdırılması, onların əvəzinə təcrübəsizlərin və elmdən uzaq olanların irəli çəkilməsi, idarəetmədə inzibatçılıq metodlarına üstünlük verməklə həyatını elmə sərf edən elm xadimlərinin gözümçıxdıya salınması və siyasi intriqaların ildırım sürətilə yayılması əsas elm mərkəzində illərcə toplanılan elmi potensialımızın məhv edilməsinə yönəldilmişdir.

Bu siyasətin yanlış olduğunu dərindən dərk edən tanınmış elm xadimləri etiraz səslərini qaldırmağı özlərinin mənəvi borcu bildilər Görkəmli alimlərlə yanaşı Milli Məclisin deputatları, tanınmış yazıçılar, jurnalistlər, fərqli siyasi düşüncəli insanlar hamısı bir səslə inkaredilməz əsaslandırmalarla Ramiz Mehdiyevin Elmlər Akademiyası prezidenti kürsüsünə layiq olmadığını bildirir, yeganə düzgün yolu Ramiz Mehdiyevin özündə güc tapıb istefaya getməsində görür və onu istefaya səsləyir.

Təklifi səmimi qəbul etmək əvəzinə dəyərli elm xadimlərinə qarşı səlib yürüşü daha da gücləndirildi. Bununla kifayətlənməyən akademik Ramiz Mehdiyev Azərbaycan müxalifətini və Milli Məclisinin deputatlarını gözdənsalan ifadələrlə təhqir etməyə üstünlük verdi. Milli Məclisə “ özünü buraxmış parlament” deməklə ali qanunvericilik orqanını ələ salır, AMEA-nın mətbuat xidməti tərəfindən verilən bəyanatla dövlət başçımızın qazandığı uğurlu siyasəti kölgə altına salmağa xidmət edir, hakimiyyəti təhdid etməkdən belə çəkinmir. Bununla da bütün körpuləri yandırdı, yalnız elm nümayəndələrinin deyil, bütün Azərbaycan ziyalılarının, ictimai-siyası xadimlərinin, bir sözlə, bütün xalqın qınağına tuş gəldi.

Elm məbədimiz olan Mili Elmlər Akademiyasının gələcəyi naminə yeganə düzgün yol akademik Ramiz Mehdiyevin özündə cəsarət və güc tapıb ləngimədən könüllü getmək qərarını verməsidir.

Ən doğru cavab, ən düz seçim budur, Ramiz müəllim!

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı