Əcnəbi qadını məcburi əməyə məruz qoyan şəxs həbs olundu

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən əcnəbi vətəndaşı və onun azyaşlı övladlarını məcburi əməyə məruz qoyan şəxs məhkum edilib. Bu haqda Azerforum.com-a DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Belə ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Zərdab Rayon Polis şöbəsi ilə birlikdə əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan bir qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.   

Məhkəmənin hökmünə əsasən M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.