"Əhalinin əksəriyyətinin pensiyaları bu məbləğdən çox aşağıdır" - Vahid Əhmədov

"2024-cü ilin dövlət büdcəsində orta aylıq əməkhaqqı 980 manat, orta aylıq pensiya 483 manat nəzərdə tutulur. Amma əhalinin əksəriyyətinin həm aylıq əməkhaqqı, həm də pensiyaları bu məbləğdən çox aşağıdır. Ona görə də hökumətin,anti-inflyasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha təsirli və nəticəli tədbirlər görülməsini,o cümlədən, bu il Rəqabət Məcəlləsinin tezliklə işə salınmasını vacib hesab edirik".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, operativ surətdə tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azaltmaq, qiymət manipulyasiyaları və süni qiymət artımına yol verilməsinin qarşısının alınması mümkün olsun:

"2024-cü il üçün məqsədli proqramlar layihəsinin həcmi 5,8 milyard manat təşkil etsə də, gələcəkdə bunun artırılmasına ehtiyac var. Dövlət büdcəsinin proqramlar əsasında tərtib edilməsi büdcənin şəffaflığı, həm də hesabatlılığı üçün böyük əhəmiyyət kəsb edir. Nazirliyin bunu diqqətdə saxlamağını xahiş edərdim. Bölgələrdə iş yerlərinin açılması Azərbaycan hökumətinin prioritet sahəsi elan olunmalı, xüsusilə, Quba-Xaçmaz iqtisadi rayonunda emal müəssisələrinin yaradılmasına diqqət yetirilməlidir. İşğaldan azad olunmuş ərazilərdə sənayə parklarının yaradılmasının təqdir etməklə yanaşı, həmin ərazilərdə hərbi sənaye müəssisələrinin filiallarının tikilməsini də təklif edərdim. Müharibədən əvvəl həmin ərazilərdə belə müəssisələr fəaliyyət göstərirdi. Müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin. Səhmləri əsasən dövlətdə olan dövlət şirkətlərinin özəlləşdirilməsi tədricən həyata keçirilməli, həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur".